6 Aralık 2010 Pazartesi

NİCAT QAFUROĞLU




BULUD OLMAQ ISTƏYİRƏM


- Sən heç ömründə bir dəfə də olsun fikirləşmisən ki, bulud olsan nə edərsən?

- Bulud olsam… o biri buludlara qoşulub səmada fırlanaram özümçün. Lazım olanda da yağış olub yağaram…

- eh… amma mən bulud olsam o biri buludların hamısından ayrılaram…

- Niyə? Yerdəkilərin diqqətini cəlb eləmək üçün? Sən həmişə belə ucuz reklam axtarırsan…

- Yox. Ona görə ki, o biri buludlar təbiətin qanununauyğun olaraq hərəkət edirlər. Mən isə onlardan ayrılıb öz iradəmlə gəzərəm.

- Məsələn…

- Məsələn, yayda ən isti aran rayonlarından birinin səmasına uçub yuxarıdan diqqətlə baxaram. Və orada avtomobili olmayan, ayda 115 manat məvacib alan kənddəki tarix müəlliminin üzərincə gəzərəm ki, onu günəş şüaları yandırmasın. O dərslərini bitirib evə gedəndə günorta saatlarına, günü yandıran vaxtlara təsadüf edir. Mən onu məktəbdən evlərinə kimi izləyərəm. Müəllim kölgədə gedər. Sonra o evə çatır. Gözləyərəm… müəllim çox gözlətməz… naharı az çəkər. Çünki naharı azdır… az yeyər, və uşaqlarına «mən doydum, siz nüş edin, mən məktəbdə də yemişəm» deyər… əslində məktəbdə əsəb yeyib…nə isə … həyətə çıxar. O başını qaldırıb mənə baxar. «hə hava yaxşıkölgəlidir. Bir az əkinlə məşğul olum» deyər. Tərəvəzəkər. Mənim hesabıma sərində əkər. Sonra başını qaldırıb göyə baxar. «Allah adamıyam. Yəqin yağış yağar. Bir də suvarmaya pul vermərəm.» Allah adamı olduğunu deyə bilmərəm . amma yüz faiz mənim adamımdır. Mən bir parçamı bölüb yağış edərəm. Yağaram. Müəllim sevinər. Sabahısı gün müəllimlər otağında bu hadisəni sevinə sevinə danışar: «elə bil buludlar səsimi eşitdi.» Kasıbı sevindirməyə nə var ki… onu gözü götürməyən direktor müvaini, fizika müəllimi isə «ay müəllim sənin tarixi əfsanələrində buludlar adamın sözünə qulaq asır ee. Fizika qanunlarına görə bu mümkün deyil…» deyər və kinayə ilə gülər. Hətta kimya müəllimi də ona qoşular. Yaltaq kimya müəllimi və oğraş. Kimya müəllimi. Mən isə həmin gün müəllimi evə ötürəndən sonra əvvəlcə kimya müəllimi gilə gedib onun arvadının yuyub həyətdən asdığı paltarları isladaram. Köynəyi yaş olduğuna görə, kimya müəllimi sabahsı gün dərsə gedə bilməz və töhmət alar. Fizika müəllimi isə… hə onunla işim lap çoxdur… onun evini günəşə həsrət qoyaram, bütün günü üşüyər. Həyətə düşüb görər ki, qonşunun həyəti günəşlidir onun həyəti qaranlıq. Deyər «hə, bu günəş tutulmasıdır. 3-4 dəqiqəyə əkilər». Amma zaman keçdikcə o narahat olar. «bu heç bir fizika qanuna uyğun deyil». onun həyətinə yağış yağanda o az qala dəli ola. Coğrafiya müəlliminə zəng edib ona başına gələnlər barədə danışar. Coğrafiya müəllimi isə telefonda gümrah səslə deyər «bulud sizin tərəfə təsadüf edib. Bu müvəqqəti haldır.» Coğrafiya müəllimi dəstəyi asan kimi fikirləşər «ey pis insan bu coğrafiyalıq deyil, falçılıqdır. Etdiyin pisliklərə göylər də dözmür.

Mən isə iki yerə bölünərəm. Həm tarix müəlliminin «ay arvad hava yaxşı kölgəlidir. Gəl bağda çay içək» sözünü qırmamaq üçün onun bağına kölgə salaram. Həm də bütün gecəni fizika müəlliminin damlarına yağaram. Sabahısı gün o müəllimlər otağında hadisəni danışanda hamı elə bilər ki, o dəli olub. Görürsən bir bulud olmaqla nə qədər iş görmək mümkündür.

- Deyəsən sən o dediyin fizika müəllimi kimi dəli olmusan…

- Yox mən o danışdığım coğrafiya müəllimi kimi hər şeyi başa düşüb amma aciz şəkildə hadisələri izləyənəm

- Niyə?

- Çünki bulud ola bilmirəm…

HABIL YAŞAR


*** 

Qarışıq yollar

Qabırğa bədənlərin

ayağı altında titrəyir

 

Qabırğa bədənlərin

Qabarlı əlləri

Göyə açılı

 

Qabırğa bədənlərin

Qırış-qırış olmuş alınlarından

Zəhmət suyu tökülür,

Qabarlı əllər,

Yumurlanıb bükülür.

 

Qabırğalar qabar-qabar əllərini

qaldıraraq

qışqırırdı qaba-qaba.

 

02.08.08, 02.26

 

 NƏ YAXŞI

 

Bu sənsənmi

Sənsənmi gələn.

Deyəsən

Səsini eşidirəm mən.

Yaxınımdasan,

Nə az,nə çox

Üç.dörd addımımdasan.

Sevincdən gözlər yaşarır,

Donur bədənim.

Deyəsən yenidən qayıdır sənli günlərim.

Xəyallar gərçək olur,

Boşuna ümidə qapılmamışam.

Könül sevincək olur

Nə yaxşı mən səni unutmamışam.

Nə yaxşı qapıdan girirsən yenə

O zərif səsini eşidirəm mən.

Baxıb gözlərinin dərinliyinə ,

Sevda yollarına düz gedirəm mən.

Sən mənə dönürsən

Deyəsən gözlərim aldadır məni.

O qaynar nəfəsindən

Bədənim hiss edir hərarətini.

Bu yuxuya bənzəmir

Yuxular belə olmaz.

Həqiqətin özüdür

Sevən ürək yanılmaz.

Nə yaxşı yenidən görüşürük biz

Allahda bizlərin sorağındadır.

Yaddan çıxmayıb ki,öpüşlərimiz

İstisi hələdə dodağımdadır.

Gözlədim yolunu illər uzunu,

Bilirdim sonunda qayıdacaqsan.

Keçmiş hisslərimi,duyğularımı

Yenidən sən mənə qaytaracaqsan.

Qayıtdın sən mənə məhəbbətinlə

Dalğalar sahilə qayıdan kimi.

İnandım eşqinin bütünlüyünə

Qulun Allahına inanan kimi.

                        04.09.05       00:00

 

  ÇIÇƏK VƏ QIZCIĞAZ

 

Hər səhər bir qızcığaz,

       çiçəkləri dərə-dərə qoxulayardı.

qoxulaya-qoxulaya

çiçəklərin arasında uzanardı.

Sonra,

       sonra isə

topladığı çiçəklərə

həzin nəğmə deyərdi.

bir sözlə bu qızcığaz,

çiçəkləri çox sevərdi

çox sevdiyi üçün də onları dərərdi.

Ona görə dərərdi ki,

Bir başqası bu çiçəkləri dərə bilərdi.

Əks təqdirdə  bu qızcığaz,

çiçəklərin həsrətindən ölə bilərdi.

Qızcığaz çiçəkləri sevə-sevə yaşayar,

onlardan zövq alardı

bu zövqü itirməkdən qorxardı.

 

Hər səhər ......yox

daha “hər səhər” deməyəcəm.

 

Bir səhər bu qızcığaz,

daha çiçəklərin arasında görünmədi.

Sanki çiçəklər belə

bu səhərin gəlişinə sevinmədi.

Hər səhər çiçəkləri dərməkdən zövq alan

qızcığaz,

indi özü dərilmişdi.

Dərilməsə kimi isə həsrət ilə

Məhv edə bilərdi.

Kiməsə zövq vermək üçün

  qoxulanacaqdı.

Ona da həzin nəğmələr oxunacaqdı.

Çiçəklər də tər qoxulu,

Qızcığaz da tər qoxulu,

Hər ikisi bir qoxulu.

 

Qızcığaz nəyi isə itirməkdən çox qorxsada,

Kimi isə yaşatmağa doğulmuşdu.

NİSƏBƏYİM



              KLASSİK    NOTLAR ...

                                

- 1 -

 

 

HEÇ DƏRVİŞİ GÖRMƏDİM SƏN TƏK...

 

                       Aşıq Şakirlə...başlayıb –bitən gecə...,,Şirvan Şikəstəsi...”

onda ki...hələ huşum başımda idi...bilirdim ki...hələ adamam...getdiyim  də yoldu..

əvvəlini-sonunu bilməsəm də...bir addim önümü görürdüm...ayağımın altında

ümidin  bərkliyini ...işığın parıltısını...səsin uzaqlığını sezirdim...gözlərimə dəyən küləyi hiss edirdim...sinəmə dəyən dalğanı tuturdum...və ən əsası ətrafımda ge-

nişlənən...böyüyən...uzaqlaşan çölü duyurdum...içimin məni qabaqlamağından...

bilirdim ki... döğmalığa gedirəm...doğmalığa...qəfildən...başımın üstündə ayı gör-

düm...düz  ürəyimin içinə baxdı...,,SEHR istəyirsənmi..?” Dərhal...düşünmədən...

,,İstəyirəm...”- dedim...Gözlərimə gülümsədi...,,Gəl...”-dedi...,,Gəlirəm”-dedim...

      ...onda ki... dünya yuxuda idi...hər kəs yuxuda idi...bir nəfəs belə yox idi...

gördüm ki...kimsə baxır gecədən...gecə kimi qara gözləri...gecə kimi dərin...gecə kimi kədərli...gecə kimi yorğun...və gecə kimi ulduzlu...görən kimi tanıdım...

...uşaqlıqımda görürdüm tez-tez...həmin Dərviş idi... dəyişməmişdi...heç...niyə

də dəyişməlidi...o ...adam deyil axı...o  Dərvişdi...istədim soruşam...,,Niyə gec gəldin..?”...Elə həmin an da anladım...Dərvişlərin  vaxtımı olur...?...Vaxtın bura nə dəxli?Əvəzinə soruşdum :,,Harda idin...?”...Cavab verdi: ,,Xan Dərəsində...”

...Xan Dərəsi...ürəyim  uçundu...dayan...sonra danışaram...sonra...

                                                 

                                                 Gözlərin... harda saxlar...

                                                 Gecə gələn qonağı...

                                                 Göz yaşın ...necə ağlar...

                                                 Gecə gələn  qonağı...

Dərvişin gözlərinə baxırdım...ürəyini görürdüm...səsini eşidirdim...ürəyi oxuyurdu...elə həmin-həmin...min il  bundan əqdəm hecə oxuyurdusa...elə...

tel-tel  olub tellənirdi...sel-sel  olub sellənirdi...alıb məni aparırdı...götü-

rüb aparırdı Xan Dərəsinə...

                                                 Sənin adın Əcəlmi...

                                                 Məni qana salırsan...

                                                 Bu gecəni öldürüb...  

                                                 Sən...canımı  alırsan... 

Bu dərənin uzununu keçirdik...yolumuza ağ işıq yağırdı...üzümə düşəndə gördüm göz yaşlarıdı...Dərvişin göz yaşları...Ağlayırdı...dərə uzunu...Gümüş çay axırdı...Dərvişin gözlərinə baxdım...baxdım...və bu gözlərin dibində özümü gördüm...görən kimi ...rəngim-rufum saraldı... uçub getdi... ürəyimlə...ruhumla...

gördüm ki... elə  mən... bu Dərvişə oxşayıram... çox oxşayıram...bir gözlərim var...bir ürəyim  var... bir də ...səsim var... qalan heç nə yoxdu... heç nə....

... Dərvişə yazığım gəldi... əllərindən tutmaq istədim... əlləri yox idi... elə mənim də...əllərim yox idi... təkcə göz yaşlarım var idi... səsim var idi...ağlayırdım...

...,,Sən  Əcəlsənmi...”-soruşdum...belə...doğma olduğunu bilmirdim...ürəyi gülümsündü...Gözləri ilə  göstərib...,,buna bax...”,-dedi... İşıq   Ağacı...

Gümüş çayın üzərində İşıq Ağacını gördüm...budaqları nur çiçəkləyən...

işıq çıçəkləyən...sehrli ağac...dəfələrlə yuxuma gəlib ağlımı alan...qəlbimi işıqlandıran...məni varımdan yox eləyən... İşıq ağacı...Sehr ağacı...yanında bir

Saz asılmışdı göydən...ağ...yüngül nur ilə halələnmiş Saz... və bu Sazın  sim-

ləri öz-özünə  dillənirdi...öz-özünə oxuyurdu...öz-özünə çalınırdı...

                                                  ...Gecənin qərib çağında...

                                                     Bu nə haldı...ay divanə...

                                                     Bu tutqunun gözləri kor...

                                                     Dili laldı...ay divanə...

 

                                                     Kim çalıb şirin yuxunu...

                                                     Çəkib çarmıxa rununu...

                                                     Alıb sinəndən ahını...

                                                     Yükün çuldu...ay divanə...

 

                                                      Sirr-sehrini  arayırsan...

                                                      Haqq qədrini arayırsan... 

                                                      Sən bədrini arayırsan...

                                                      Ay hilaldı...ay divanə...  

...Dərvişə baxdım...gecə  kimi dolmuşdu...ürəyi ağrıdan dağılırdı...dağılırdı...

ağrının səsi gəlirdi...

                                                     Neynək...neynək...a dərdin alım...

                                                     ..............................a dərdin alım...

Saz  da  qoşulmuşdu ona.... simlərindən axırdı...süzülürdü...

                                                     Axtardı...səyyadın tapa bilmədi...

                                                     Gördüm ki...peşiman oldu qayıtdı...

...Peşiman oldu...qayıtdı...bilirsənmi peşmanlıq nədi..peşiman oldu...

Eyy...dadi-bidad...bu ...hardan  deyir... kimdən  deyir...nədən deyir...

...deyir ...deyir...                     

                                                     Dostumu nəfsimə sata bilmərəm...

...bu...hansı dərdi  döyür...hansı yanğını döyür...hansı eşqi döyür...mizrabı ilə...

simdə...pərdədə...bu..Aşıq Şakirin  ,,Döymə Kərəmi” di axı...

                                                     Bu gecə...sübhədək yata bilmərəm...

Eyy...dadi-bidad... hara yatırsan...necə  yatırsan daha...ay  zalım...ay bəd-

..bəxt ...sübhədək yox eyyy....ömur boyu yata bilməzsən daha...ömür boyu...

...deyir...dostumu nəfsimə sata bilmərəm...belə deyir...satmaram ,-deyir...

Dərviş !Amma məni satdı...elə belə deyə-deyə satdı...bir yalana satdı...gözümün

içinə yalan deyə-deyə satdı...dərviş... bilirsənmi satılmaq nədi...kəndiri kəsilmək nədi... quyuya atılmaq nədi...bilirsənmi...

                                              Yerdən-göydən üzülərsən...

                                               Dağılıb puça gedərsən...

                                               Tuta bilməzsən özünü...

                                               Əriyib  heçə gedərsən...

 

                                               Dönüb baxmaq istəməzsən...

                                               Bir də dünyanın üzünə...

                                               Hər şey qaranlıq görünər...

                                               Yaşı çəkilmiş gözünə...

 

                                              Əlin çatmaz ...ünün yetməz...

                                              Çəkdiyin ahda yanarsan...

                                              Matdım-matdım...çarəsizcə...

                                              Odlanarsan...dağlanarsan...     

    ...Sən Əcəlmisən...niyə  məni...belə asta-asta...yavaş-yavaş... öldürürsən...niyə

 mənə zülm eləyirsən...

                                              Ya...ya...məni burax ...gedim...

                                              Ya ...bir yolluq al canımı...

                                              Ya...ver məni  ölümümə...

                                              Ya da...bağışla  qanımı...

...Dərviş düz ürəyimin içinə baxdı...elə baxdı ki... olan-qalan heyim də getdi...

ürəyim namnazik sapdan asıla qaldı...taqətim tükəndi...dedim...Allah ...bu nə

loodu...məni salmısan...bundan necə qurtulum...necə qopum...necə qaçım...

Ay  Allah... al məni bunun əlindən... ya öldür al... ya dirilt al...

 

                                              Ya öldür al...ya dirilt al...

                                              Vermə məni dərd əlinə...

                                              Ürəyim min bir paradı...

                                              Vermə məni dərd əlinə...

 

                                               Hər tikəm ağzında gedər...

                                               Hər tüküm ağzında gedər...

                                               Hər yüküm ağzında gedər...

                                               Vermə məni dərd əlinə...

 

                                               Hicrini gizli çəkərəm...

                                               Özümü qəmdən tikərəm...

                                               Get-gedə yanıb çökərəm...

                                               Vermə məni dərd əlinə...

  

...Gördüm ki...Dərvişin halı özündə deyil daha...dərd onu alıb gedib...səsindən asılıb qalıb...göyün-yerin hansı qatıdı...vaxtın hansı məqamıdı...dünyanın hansı məkanıdı...bilinmir...

                                                Ölüb-ölüb dirilməyə...

                                                Vallah...daha bir tabım yox...

                                                Əcəlsənsə...al canımı...

                                                Gözləməyə taqətim yox...  

...Ağacın altında... işığın altında...saz bir nalə çəkdi... bir nalə çəkdi...hər pərdəsindən...hər zənguləsindən... ulduz dağıldı...yeri göyü sanki od bürüdü...

                                                 Könül...kül ol...yan biryolluq...

                                                 Uyma ...bu Əcəl eşqinə...

                                                 Qayıt...peşiman olarsan...

                                                 Düşmə..bu Əcəl eşqinə...

...kimin oxuduğu bəlli deyildi daha...Saz idimi oxuyan...Dərviş idimi... mən idimmi... bilmədim...daha...gözüm dumanlandı... başım  dumanlandı...ürəyim yox oldu...cəkisizləşdim...yüngülləşdim...əriyib yox oldum... təkcə Ruhum qaldı...

Dərviş kimi...

 

                                                   EHRAM  SƏSİ ... 

 

...Təkcə Ruhum qaldı Dərviş kimi...Sanki hər şey yadımda idi...eyni zamanda yadımda  deyildi...Öz yaddaşımla ..özümlə aramda bir vaxt məsafəsi... gözə-

görünməz bir pərdə...sehrli bir boşluq yaranmışdı...hər şeyi hiss edirdim...eyni zamanda heç nəyi hiss etmirdim...Mən idim... həm də daha mən deyildim...

 ...     bu səhralıqdan... bu intəhasız  qumluqdan keçib getmişdik haçansa...Dər-

vişlə...ilğımdan-ilğıma...düşərək... ilğımdan-ilğıma bürünərək...ilğım kimi uzaqlıqda  əriyib yox olmuşduq  nə vaxtsa...nə vaxt idi o...ay Dərviş....xatırla...

nə olar...yadına sal bir...

                                               Ürəyini yarıb çıxan...

                                               Ahın hara uçub getdi...

                                               Allahın yanı...boşuydu...

                                               Səsin hara köçüb getdi...

...birdən qulağıma əzan səsi gəldi...Dərvişə baxdım... o da bu səsi tutmuşdu... Səs

göydən gəlirdi... göy kimi təmiz idi...göy kimi pak idi...duru idi...əzəmətli  idi...

dayanıb bu qaibanə... ilahi səsi dinləyirdik...

                                                    

                                              Yükləndin qəm karvanına...

                                              Yükün dəryada batdımı..?

                                              Uçurdun ölümə sarı...

                                              Canın ölümə yatdımı..?

...Canın bir ölümə  yatdı... eləmi...canın bir ölümdə rahatlandı...eləmi...təkcə ölümü sevə bildin ...eləmi...eləmi...

                                              Tökmə dünyanın qanını...

                                              Göylər bu qanı yuyarmı...

                                              Səni səsindən assalar..

                                              Söylə...ruhun uyuyarmı..?   

...Yoxmu? Daha bir səbri-qərar...daha bir aram...daha asudəlik...rahatlıq yoxmu..?

 Bu axının...bu fəzanın...bu sönsuzluğun  sonu yoxmu...hara gedirik...hara ..?Niyə

gedirik...kimdi bizi çəkib aparan?

...Alim...niyə oxudun bu şikəstəni...göylər uçub dağılmışdı axı...ulduzlar tökülmüşdü axı...bu dərd ölüb getmişdi axı...niyə diriltdin...niyə öxudun bu qara bəxti... indi necə götürək yerdən bu...qara daşı... necə aparaq...qara dərdi...biz elə dəvəsi ölmüş ərəb idik...suyu kəsilmiş dəyirman idik...biz elə qana dönmüş könül idik...aman...aman...

                                   Neynək...neynək...a dərdün alım...dərdün alım....

...neynək...buna da dözərik...qoy eləsin zülmünü fələk...neynəəəəyy...

                                    Qoy qanımı içsin fələk...

                                    Neynəy...zülmünü içərəm...

                                    Neynəy...neynəy...ağu versin...

                                    Alıb... ölüm tək  içərəm...

...neynək...gözlərimi qoyaram bu yolda...ürəyimi qoyaram...səsimi...nəfəsimi qoyaram...sən ,,aman “ deyib nalə çəkərsən... ,,yandım” deyib zəbanə çəkərsən..

yol yoxdu axı çıxıb getməyə...yadında deyilmi...kəndirini kəsdilər... kiçik qardaşı quyuda qoydular...kiçik qızı təndirə atdılar...min ilin namərdləri vətən satdılar...

 yurd satdılar...namus satdılar...min ilin dərdini  təzələdilər...min il keçmişdən..

min il gələcəkdən...sən nə deyib... nə öxuyursan...Alim...

                                    Bir can nədi...dərd yanında..

                                    Alıb  dərdini... ağlaram...

                                    Dünya nədi...ondan keçib...

                                    Gözümə qara bağlaram...

 

                                    Heç dedilər...puç dedilər...

                                    Ağır günaha girdilər...

                                    Öldürüb haqq aşiqini... 

                                    Sonra məfaya girdilər...   

...Alim...haqqımızı alaq çiynimizə...aparaq...ruhumuzacan...bu şikəstə bizim

qan haqqımız...can haqqımız...götür gedək...ruhumuzacan...

                                    Alim... qoyma yerdə qala...

                                    Götür... gedək haqqımızı...

                                    Ölüdüsə...diridisə...

                                    Götür... gedək haqqımızı...                                               

...Səs güclənib... böyüyüb...bütün səhranı tutmuşdu...biz...ilğım kimi ...karvan

kimi...ilğıma dönmüş karvan kimi gedirdik... bizim nə əvvəlimiz var idi.. .nə sonumuz var idi... bitməz-tükənməz karvan idik...itə-itə...görünə-görünə gedirdik...uzaqdan ...ehram kimi görünən...səsə doğru ...ehrama doğru gedirdik...

 

                                          Ey Müəzzin  !!!

                                          Eşqin ehramını ucalt göylərə !

                                          Könlünün ilahi sevgisi – Əzan !

                                          Bəşərin Allaha səs ibadəti...

                                          Duası... inamı...səcdəsi –Əzan !

 

                                          Müəzzin !

                                          Əzan çək...oyat dünyanı!

                                          Göyün mehrabına bağla  səsini..!

                                          Könüllər eşq ilə imana gəlsin...

                                          Haqqın dərgahına tutsun üzünü..!

      

...sanki bu səhranın özü  məbəd idi...bu karvan...bu ilğım...bu  ehram ...bu səs bir məbəd idi...və bu məbəddən yüksələn səsin özü bir məbəd idi...

                                         Nə eşq olaydı,nə aşiq,nə nazlı afət olaydı...

                                         Nə xəlq olaydı, nə xaliq,nə eşki-həsrət olaydı...

                                         Nə dərd olaydı...nə dərman,nə sur olaydı,nə matəm...

                                         Nə aşiyaneyi-vüslət...nə bari –firqət olaydı...

...Bu məbədin zirvəsində...bir müəzzin dayanmışdı...üzünü göylərə tutub...göz-

lərini yumub...əllərini  Haqqa uzadıb... nalə çəkirdi...onun naləsində dünyanın,

əbədiyyətin iztirabları...haqsızlıqları...ədalətsizlikləri... dövranın  firqəti...həsrəti..

bəşərin zilləti...tökülən qanların günahsızlığı...qəhr olan  ömürlərin acısı...zalımın zülmü...amırin əmri...hakimin hökmü...cəlladın qəddarlığı... zamanın amansızlığı...və bu qarışıqlığın  yaratdığı atəşdə qovrulan külli-bəşərən ağrıları

qıvrıla-qıvrıla...yana-yana goylərə ucalırdı...

                                         Könüldə nuri-məhəbbət,gözümdə pərdeyi-zülmət...

                                         Nə nur olaydı,nə zülmət...nə böylə xilqət olaydı...

...olmayaydı...olmayaydı ..belə naqis dünya... gözlərə çəkilən nadanlıq...zülmət

 pərdəsi olmayaydı... şəfqətdən...mərhəmətdən ...məhəbbətdən bixəbər  məxluq olmayaydı...könlü nurdan,işıqdan məhrum qaraguruh olmayaydı...insan cildində

şüursuz...düşünə bilməyən cahillər olmayaydı...olmayaydı kaş..ürəklərə vurulan zəncirlər...beyinlərə qoyulan qadağalar... sərhədlər ...sədlər...bölgülər...saylar... rəqəmlər olmayaydı kaş...bəşərin qaldıra bilməyəcəyi...yox edə bilməyəcəyi fərqlər olmayaydı kaş...ah...ustad...olmayaydı kaş...

                                        Nədir bu xilqəti-bimərhəmət...bu pərdeyi-hikmət..?

                                        Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı...  

...hanı bəşər övladının minilliklərlə zərrə -zərrə topladığı hikmət...kamillik

 xəzinəsi...hansı pərdədi  o...? Hardadı  o?Nədən bu qədər dərindədi...Bu qədər gizlindədi... hanı... hanı o ədalət ki...axan bir damla göz yaşını qurudacaq... bir zülmün önünü kəsəcək... bir damla qan dayandıracaq...hanı o ədalət...Ustad?

...Müəzzin məbədin zirvəsində... üzünü göylərə tutub... gözlərini yumub... əllərini başına dayaq edib...nalə çəkirdi... əzan çəkirdi...

                                       Tükəndi taqəti –səbrim,ədalət!Ah,ədalət!

                                       Nə öncə oylə səadət ,nə böylə zillət olaydı...

...Bu dünyanı sarmış dəhşət...vəhşət...şəhvət...siyasət...cəhalət...səfalət...

xəyanət...əziyyət..qəflət...zillət...zülmət- cümlə qəbahət  önündə bir  Ədalət

 necə dayansın...Ustad...?

Hanı  ədalətin inamı... gücü.. .qüdrəti...etibarı...vəfası...Hanı ədalətin...haqqın

yolu...?Varmı haqqın yolu ...Ustad..?

                                  

                                                   NALEYİ- NEY...

...Səhranın bütün boşluğunu ney səsi tutmuşdü...naləsi yerdən göyə bülənd

olmuşdu...

                                 Nalədəndir ney kimi avazeyi-eşqim bülənd...

                                 Nalə tərkin qılmazam mən ney tək kəsilsəm bəndü bənd...

...özündən qopduqca...səsindən qopduqca...bənd-bənd kəsildikcə...bənd-bənd

döğrandıqca...hissələrə bölündükcə...inləyirdi...nalələndikcə avazı genişlənirdi...

pərdə-pərdə dalğalanırdı...yüksəlirdi... ucalırdı...göylərin tağına bağlanırdı.. 

...göylər bu ünləyən... inləyən  harayı içinə çəkirdi...udurdu...göylər insan iztirabını...insan duasını qəbul edirdi...

 ...Balabanı düz ürəyinin başına saplamış ovsunçu isə... bütün içini nəfəsə döndər-

mişdi...səsə döndərmişdi...naləyə..aha döndərmişdi...özü də bu ahın dalınca uçurdu...haqqa sarı...yaradana sarı...qopub gəldiyi  vəhdətə sarı...

 

                               Nalə tərkin qılmazam mən...,-deyirdi...

...sən elə nalənin tərkibindəsən... nalənin içindəsən...nalənin özündəsən...özünü nece tərk edə bilərsən...özündən necə qurtula bilərsən..necə qopa bilərsən...

mümkünmü , səncə...?

                              Ney tək... bənd-bənd kəsilsəm də...doğransam da... min para olsam  da...yenə tərk etməm ,- deyirdi ovsunçu... 

...bu onun qəlbində haqqa inamın...Allaha ...imanın  ifadəsi idi...bu...vəhdətə qovuşmağın yanğısı idi... bu - ilahi eşq idi...

...onun nəfəsi ovsun idi...ovsununu oxuyurdu...səhranı..səhrada ləngərlənən karvanı...karvanın yolunu... karvanın ürəyini ovsunlayırdı...ovsunçu yolun ürəyini ovsunlayırdı...və o yol da dolanıb-dolanıb...qıvrılıb-qıvrılıb...yenə də ovsunçunun ürəyinə qayıdırdı...bitməz-tükənməz dünyaya qayıdırdı...o dünya  şaman duasından başlayırdı...simdən...qopuzdan...sazdan başlayrdı...şikəstədən...muğam-

dan keçirdi...çöldən...səhradan...karvandan keçirdi....gecədən ...Dərvişdən...

məndən keçirdi...

 

                                     Ey Füzuli...surəti-fəqrin qəbuli-dustdur...

...Ey Füzuli...dostdur...surətin ,qəbuldur qəmin mənə...ruhun doğmadır...dərdin

əzizdir...eşqin sehrdir...bitməz-tükənməz sehr...səhraların qumu kimi...dəryaların damcısı kimi...ulduzların sayı kimi...

                                     Hiç dərvişi sənin tək  görmədim...

...mən də görmədim Ustad...mən də görmədim  heç...sən kimi dərvişi...sultanlarlardan...şahlardan...hökmdarlardan...tiranlardan uca olsun...

cahangirlərdən...sərkərdələrdən..fatehlərdən qüdrətli  olsun...ey bəşərin möcüzəsi...

könüllərin sultanı...qəlblərin həmdəmi...  görmədim...görmədim heç sən kimi

dərvişi...zamanın yaddaşına hopsun...vaxtın fövqünə yüksəlsin...arxasınca əbədi

ruh karvanını çəkib aparsın...o ruh karvanının saribanı olsun...

...Karvanbaşı...yolun hayanadır..?

                                    Məndə Məcnundan füzun aşiqlik istedadi var...

                                    Aşiqi - sadiq mənəm,Məcnunun yalnız adı var...

...Ey aşiqi dövran...bu eşq məqamına necə yüksəldin...bu eşqi necə fəth etdin...

nəyini sevdin bu eşqin...dərdinimi...qəminimi...hicranınımı...göz yaşınımı sevdin...

                                     Əhli-təmkinəm...ey gül,bənzətmə məni bülbülə...

                                     Dərdə yox tabı onun...hər ləhzə min fəryadı var...

...dərdə tabı olmayanın...dərd məkanında nə azarı var...nə işi var...dərdi sevməyənin eşq diyarında nə itiyi var... təmkini olmayanın...səbri olmayanın

...dərdməndəm...dərdməndəm..dərdməndəm söyləməyə nə haqqı var...ustad?

                            Şəbi-hicran...yanar canım... tökər qan çeşmi-giryanım...       

                            Oyadar xəlqi əfğanım...qara bəxtim  oyanmazmı...   

...bu hicran gecələrinin əzabında kimin canı yandısa...kimin gözlərindən qan-yaş

töküldüsə... hamısı axıb sənin göz yaşlarına qovuşdu...atəşlərin yaxdığı  tənlər

sənin külünə qarışdı...eşq adı tutanın adı sənin adına yazıldı...çünki sən aşiqi-

dövransan...aşiqi-sadiqsən...aşiqi-dərdsən...aşiqi-eşqsən...

 ...kimlər səni dərk etdisə...eşqi  də dərk etdi... kainatı da dərk etdi...özünü də dərk etdi...Allahı da dərk etdi...

                    ,,  Şəbi-hicran” ...onsuz yola çıxmaqmı olar...Üzeyirsiz  ,,şəbi-hicranı”

dərk etməkmi olar...o ilahi  melodiyanı eşitmədən...duymadan...anlamadan dərkmi

var...kamillikmi var..?Bəşərin ağrısını...acısını...hissini...ürəyini duymadan...ruhunu

bilmədən   tamlıqmı var...bütövlük...vəhdətmi  var , Dərviş...

 

                              HEÇ  DƏRVİŞİ GÖRMƏDİM SƏN TƏK...

 

...Niyə dinmirsən...ay Dərviş... Hardasan...Sənidəmi qəm apardı..?

...Dərviş  ürəyimdən boylanıb mənə baxdı...dünyanın yorğunu idi...sözün yorğunu idi...özünün yorğunu idi...                                 

                               Təcridəm özümdən... tərki-tərkəm...

                               Bu qəm  diyarında  dərki –dərkəm...

...Gəl susaq...Dərviş...Gəl...əbədiyyət boyu susaq... danışmayaq...gəl...əbədiyyət boyu

 bir-birimizi dinləyək...bu səssizliyi...bu sukutu...bu dərəni...çölü...səhranı dinləyək...

bu ilğımı...bu karvanı...bu xəyalı dinləyək...bizi göylərə qaldıran ehramı...o ehramdan ucalan əzanı...bizi çəkib aparan ruhu dinləyək...

                                     Gəl...dinləyək ruhumuzu...

                                     Ruhumuzdan keçən nədi..?

                                     Dünya bizim içimizdə...

                                     Ömrümüzdən köçən nədi..?

 

                                     Vaxtmı alıb gedir bizi...

                                     Vaxtın özü hara  gedir..?

                                     Bu karvanın  kəndirində...

                                     Zaman üzü hara gedir..?

...Dərviş...ay Dərviş...

                                     Vaxt bizi görürmü...görən...

                                      Buludların  alt qatında...

                                      Ölümə çatmaq üçünmü...

                                      Uçuruq  əcəl  atında..?

...Dərvişin gözləri...dərin...dibsiz quyu kimi açılmışdı...gecənin sonsuzluğu kimi

qaralmışdı...Bu gecə niyə bitmir...niyə qurtarmır...Ay dərviş...sən...Əcəlsənmi..?

                                      Sənin ilə bir bədəndə

                                      Ölümdənmi doğulmüşüq..?

                                      Hansı qanda...hansı canda...

                                      Qarışıb sirdaş olmuşuq..?

          

                                      Bilmirəm kimin səsidi...

                                      İçimdə belə ağlayan...

                                      Yoxsa sənin  ürəyindi...

                                      Göz yaşı belə çağlayan...

...Niyə susursan... ölməliyiksə...elə...indi ölək...elə bu gecədə... görmürsənmi gecə necə ölür... görmürsənmi gecə  necə can verir...

 

                                      Gəl... qarışaq bu gecəyə...

                                      Bizi başqa kim götürər..? 

                                      Belə yorğun...belə yalqız...

                                      Bizi  yerdən   kim  götürər...?

 

- ...Bəyim...Ay Bəyim...bəsdi daha...bəsdi özünə zülm elədin...özünə yazığın gəlsin...

bəsdi daha...

...Səsə diksindim... bu kimin səsidi...Dərviş...sənsənmi...sənmi çağırdın məni...?

Yox..? Bəs, bu kimin səsidi...kimdi məni səsləyən... kimsən sən...?

...Gəlib bir ocağın başına çatmışdıq...gecənin bağrında bu ocaq  öləzəyib közərərək

öz içində şölələnirdi...ətrafında bir  adam başı aşağı oturub...gözlərini ocağa zilləmişdi...

 -Ziyarətin  qəbul olsun !

 -Ziyarətin qəbul  olsun !

 - ...Nə zülüm...zülüm nədi... mən heç vaxt belə rahat olmamışam... belə yüngül olmamışam...belə asudə ...belə azad olmamışam...dəymə mənə...qoy boşalım...

   -Bəsdi bu qədər əridin...aram ol...bir az...dincəl...hələ yolumuza çox var...

   -Kimsən sən..?

   -Tanımadınmı..?

   -Hə...şair...sənsənmi...səndəmi karvanla idin...gördünmü hər şeyi...?

   -Gördüm...

   -Eşitdinmi...?

   -Eşitməmək mümkünmü...

   -Yazarsan o zaman...

   -Yazacam...

   -Şair...bax...görürsənmi...bu karvanın nə ucu var...nə bucağı var...bəlkədə...bu heç

karvan deyil...bu...dünyanın ruhudu...dünyanın canıdı...gözümüzə belə görünür...bu...bir ilğımdı..bir mirajdı...bir sehrdi...karvana dönüb aparır bizi...özünə qoşub aparır bizi...

-Qoy... bir nəfəs də mən deyim...

- De...şair...de...nəfəsin  qoşulsun bu karvana...

                                     Gecə..! Gəl götür yükünü...

                                     Çəkilək dərdin içinə...

                                     Alaq  haqdan  baxtımızı...

                                     Qoşulaq  vaxtın  köçünə...

...Bu...nə vaxtın  ağırıdı... nə vaxtın nağılıdı...nə vaxtın yüküdü...nə vaxtın dərdidi  üstündə...qala-qala ağırlaşıb...qala-qala tündləşib...qala-qala ahıllaşıb bü dərd...

...Ocaq közərib-közərib şölələndi...odun ruhu  atəş kimi qıvrılıb göyə qalxdı...

                                      Ay ocaq...gecənin  üstdə...

                                      Köz-köz olub nə yanarsan..?

                                      Diri- diri... odu  külə...                                    

                                      Döndərməyi...  nə sanarsan..?

...Sən yanmağı nə bilərsən...adam...nə sanarsan  yanmağı...diri-diri külə dönməyi...

nə bilərsən...yanıb-yanıb döndüyün kül sənə nələr söylər ocaq...nələr söylər...

                                       Can  yanğısı ...tutub səni ...

                                      Bu ağrıyla nə  çəkərsən..?

                                      Köksün üstü çalın-çarpaz...

                                      Bu dağ ilə  nə çəkərsən..?

...nələr söylədiyini...hiss elədiyini duya bilsən...adam...bir  bilsən...bir bilsən nələr olur...can candan ayrılanda...ürək qandan sıyrılanda...bilirsənmi nələr olur...adam..?

...tikə-tikə bölünəndə...para-para parçalananda... dağım-dağım dağılanda... yox olanda...uzaqlarda itəndə...əriyəndə...bilirsənmi nələr olur ...adam...bilirsənmi...?

...hansı uzaqlığa gedirsən sən...hansı uzaqlığa...ehh...dünya...dünya...

                                       Dünya...gəl keç ...yollar açıq...

                                      Keçməyə can istərmisən...?

                                      Mən ürək ...sən susuz dərya...

                                      İçməyə qan istərmisən?  

  ...Dərviş... mən qanımdan keçdim...canımdan keçdim...hər şeyimdən  keçdim...

heç nəyim yox daha...gəl gedək...apar məni özünlə...məni dünyaya buraxma...

 

                                       Könlümü  yerə salarlar...

                                       Buraxma dünyaya məni...

                                       Gözdən salıb sındırarlar...

                                       Buraxma dünyaya məni...

                                         

                                       Dost bildiklərim ...atarlar...

                                       Nəfsə uyarlar ...satarlar...

                                       Ağır günaha batarlar ...

                                       Buraxma dünyaya məni...

 

                                       Kimin üstünə gedərəm...

                                       Əriyib  dərddə itərəm...

                                       Öz-özümü dəfn edərəm...

                                       Buraxma dünyaya məni...  

    ...dərviş qan-yaşla dolmuş gözlərini ocağa dikib oturmuşdu...közün şöləsi gözlərinin aynasında əks edirdi...gözlərinin yaşında əks edirdi... damla-damla ...ağ...iri göz yaşları axıb ocağa tökülürdü...közün üstünə tökülürdü... töküldükcə ...,,cızz “ eləyib

yanırdı...ləkəsi quruyub közün üstə qalırdı...dərvişin göz yaşları...külə dönürdü...

 ...Ağrıma... Bəyim,- dedi...Ağrıma bu qədər... sən ağrıdıqca dünya da ağrıyır... ağrıtma dünyanı...

                                       Ağrıtma ...öz ağrın ilə...

                                       Yazıqdı...dünyanın ruhu...

                                       Qərar tutmaz göz yaşında...

                                       Yazıqdı... dünyanın ruhu... 

...eh...dərviş...bitir...əriyib gedir daha bu gecə...bir azdan qurtaracaq hər şey...nə gedəcək...nə qalacaq bilmirəm...oyanacammı bu yuxudan...bu..yuxudumu...tutqu-

qudumu ...dərviş..?    

                                        Məni tutsa qəm yuxusu...

                                        Ruhum məni oyadarmı..?

                                        Bu ləngərlə gedən zaman...

                                        Bir də  geri qayıdarmı..?  

 

   Hə...Dərviş...gəldiyini demirsən... getməyini demirsən...kimliyini demirsən...

 bilirəm getməlisən...  amma elə get...getməyini bilməyim... qeybdən gəldiyin kimi...

qeybdən də get...

 

                                       Yermi alar...göymü alar...

                                        Dərviş...mənim ruhum hanı..?

                                        Bu gecədə deyildisə...

                                        Dərviş...mənim ruhum hanı..?

                                        

                                        Apardınmı özün ilə...

                                        Mən ruhumu  bilmədimmi...?

                                        Nə lövh idi...nə sirr idi...

                                        Ölümümü  bilmədimmi..?   

 

...dönüb bir öləzəyən gecəyə baxdım... bir özümə baxdım...bir içimin çəkilən heyinə baxdım...hələ də göy üzündə sirlə-sehrlə  dalğalanan  aya baxdım... və bir daha anladım ki...insan göründüyü qədər də kiçik  bir məxluq deyil...o  var olan həqiqətin

 bir zərrəsi olsa belə...yenə də həqiqətləri özündə yaşadan ...özündə ehtiva edən

əbədi varlığın  bir hissəsidir...bəlkə də..əbədi varlığın özüdür...

                                         Heç dərvişi görmədim...

                                       Sən kimi...divanəlikdə...

 İştirak edirdilər: Ay...Gecə...Saz... Məhəmməd Füzuli...Hüseyn Cavid... Üzeyir Hacıbəyli..Fikrət Əmirov...Aşıq Şakir...Alim... Dərviş...Ruhum...və ...Mən...