
FƏRHAD METE
KÜRƏN KÖPƏK
Boynu xaltalı kürən köpəyi
Araba vurdu enli yolun ortasında
Qanı yayıldı qoşa ağ xəttin üzərinə
Sarı tüklərində uşaq əllərinin sığali
Gözlərində bir sümük şəkli
Başının üstündə “müstəqilliyimiz əbədidir”
sözləri
iki gün sonra heç nə qalmadı kürən köpəkdən
hər araba təkəri bir şey alıb apardı
heç nəm yeri də qalmadı asfaltın üstündə
bir tək uşaq əllərinin sığalı yayıldı yollara...
01. 03. 08
SƏN BU ŞƏHƏRDƏ İKƏN
Sən bu şəhərdə ikən mən anlamazdım
Ana bətnində çırpınan səbirsiz yavruların
səbrlə dünyaya gəlmələrini
Yeniyetmə olunca əkmək dalınca qaçmalarını
Aşiq olunca əkməyindən küsmələrini
Və bir gecə səssizcə evdən getmələrini
Ardınca goz yaşı tökən anaları,bacıları
Bir də köks ötürən ataları anlamazdım...
Sən bu şəhərdə ikən mən anlamazdım
Yuvasından atılan körpə qaranquşları
Onları axar suya verən qocaları
Sabah günəşində murgüləyən sünbülqıranları
Sarı tarlalara od vuran düşmənləri
Dam üstündə yuva quran leyləkləri
Bir də müjdə gözləyən dul qadınları
Sən getdin,hər şeyi anladım
Anlamsız gedişin qaldı...
AND
And versəm əgər
əsdikcə əsən yellərə
səndən xəbər gətirərmi
yağış yüklü buludlara
dərya olmuş göz yaşını
alıb sənə yetirərmi
bölüşdürən mələklərə
bizə verə bilmədiyin
arzuları bitirərmi
su üstündə gəmilərə
bəxş etdiyin iztirabı
dənizlərdə itirərmi
coşan-daşan dənizlərə
yosunlara ötürərmi
cüt olana,tək olana
qanadlı mələk olana
günəş ucaldan gündüzə
işığı yayılmış düzə
örtük bürüyən gecəyə
kölgə düşmüş gələcəyə
durulan səhər vaxtına
toz qoparan atlılara
səni and verirəm, ya rəbb
nəyə inanırsan ona
son ver artıq bu oyuna
yetər artıq,yetər,yetər...
13.03.08
QAĞAYILAR
Qağayılar, sizə gəldim,alın məni cərgənizə
Yanınızda yer göstərin,söykənim sərt qayalara
Sən demə həsrətim varmış ağzı köpüklü dənizə
Indi tullanmağım gəlir adam boyu dalğalara
...
Daha baxmıram arxama,geridə qoydum dünyayı
Sizə bir şey gətirmədim əlim boşdu,üzüm qara
Daha getmir qulağımdan bir gənc ananın harayı
Nə olar,dilə tutmayın,inanmıram arzulara
...
Nə olar,öyrədin mənə beləcə azad uçmağı
Indi qalxıb göy üzünə sizintək gülmək istərəm
Bu dünyanın gerçəyində bacarmadım yaşamağı
Bir qağayı yuxusunda yaşayıb ölmək istərəm
13.03.08
EŞQİNDƏN
Eşqindən eşqiya olsam
Dağlara çıxsam,dağlara
Gecələri uyumasam
Şer desəm ulduzlara
Dalsam sonsuz səmalara
Ah,bu bahar nə gözəlmiş
Dedin eşqin sonu gəlmiş
Biri varmış,biri yoxmuş
Sən sevgini nağıl kimi
Danışarsan yavrulara
Gətirdin zara bəxtimi
Çağırmam kara bəxtimi
Zülfün tək qara bəxtimi
Kəfən bilib sarıyarsan
O bəm-bəyaz buludlara
O bəm-bəyaz buludlara...
11.03.08
MƏRMİ DAĞITMIŞ EV
Mərmi dağıtmış evin önündə
Ana və üç yavrusu
Kədərin min çalari ananın gözlərində-
hər gözündə min-min
Yavrular soxulmuşlar analarna
Şəngül,Şüngül,Məngül kimi
Onlar üçün bimiş həyatın nağılı...
Və hər gecə bir ağlamaq səsi gələr
Qaçqın vaqonlarının önündən
Yavrular “kimdir ağlayan”deyə sorduqlarında
Anaları “yatın”deyər onlara
Mərmi dağıtmış evin önündə
Boynu zəncirli xallı köpək
Cırmaqlamış torpağın soyuq üzünü
Ulartısı ən alçaq yerdən qalxmış allah dərgahına
Nə yazıq ki unudulacaq xallı köpək zəncirdə
Və düşmənlər “türk köpək oğlu “deyib
Güllələyəcəklər onu
Sonra da yandıracaqlar taxta yuvasını
Hiç yorum yok:
Yorum Gönder