
Içimdə bir Eşq var...
Içimdə bir Eşq var, əbədi bir Eşq,
Seldən, alovlardan dözüb keçərəm.
Musa tək yararam dərin dəryanı,
Geniş ümmanları üzüb keçərəm.
Eşqimin şiddəti titrədər Yeri,
Yanar işığımdan şeytanın şəri.
Diz üstə çökdürüb
qəmi, kədəri,
Kölə tək yan-yana düzüb keçərəm.
Bu, Tanrı Eşqidir adi Eşq deyil,
Ucalmaq istəsən, bu Eşqə əyil.
Bu Eşqlə dünyanı min il, milyon il,
Yalın ayağımla gəzib keçərəm.
Tamah salmam bu dünyanın malına,
Satlıq maldı altunlara alınan.
Baxmaram dünyanın cah-cəlalına,
Altun xəzinəni süzüb keçərəm.
Yapma əfsanələr haqq dinə neylər,
Iblis nə edərsə miskinə eylər.
Tanrım mənimləsə qəm mənə neylər,
Dərdi palçıq kimi əzib keçərəm.
Hiç yorum yok:
Yorum Gönder