21 Kasım 2010 Pazar

CƏLİL CAVANŞİR











SUSMA

 

 

Susma, içimdə təlatüm var,

susma, başımda fırtınalar.

hüzünlüyəm, susma.

susma,

sevdiyim hər kəsdən qaçdım.

qaçdım məni sevənlərdən.

susma, dərd içimi əzir

yoruluram susqunluqdan

çıxıram adamlıqdan

Baxma

belə baxma.

 

Susma,

Mənim hüzünlü anlarda

bir az danışmaq

bir az səni dinləmək kimi istəklərim var.

Mənim tənha gecələrdə,

kişilərə yaraşmayan

ağlamaq,

qışqırmaq kimi vərdişlərim var.

 

Susma,

bir şey danış

özündən,

məndən,

sevgidən

Sənin və mənim olmayan

hər şeydən, danış.

susma içimi dərd oyur,

ağrıdan alnımdakı damarlar

ilan kimi qıvrılır.

yum gözünü,

baxma

belə baxma.

 

Yanğın var içimdə, susma

yoruldum rəsminlə danışmaqdan

ağlamaqdan yoruldum

səni düşünməkdən

və rəsmini sevməkdən bezdim.

bezdim insan olmağımdan

sənsiz qalmağımdan

susmağından bezdim, susma

 

susma,

içimdə hüzn var,

dərd içimi oyur,

yoruluram baxışından

baxma.

Sənin susqunluğundan,

dəli ola bilərəm,

baxma

belə baxma.

sənin lal baxışından

baxışından

ölə bilərəm...

susma.

 

 

SEVDİYİM QADIN

 

Saçlarının bəyazını xınayla gizləyən,

Kiçiçik qızınını atasız böyüdən,

İşini çox sevən qadın...

Aldın məni tənhalıqdan

Aldatdım özümü,

Səni sevirdim guya...

depressiya...

 

Niyə qısqandım ki, səni?!

 

Sən bir ümid belə vermədiyin halda,

Xəyalını qurdun sonsuz gecələrin.

Yanıma qaçmaq isdədin günün birində

Və birdə dəniz gözlərinlə baxdın.

Ah, qadın...

 

ən çox gözlədiyim telefon zənglərindi,

bir də beşdəqiqəlik, ayaqüstü görüşlərin

kimi sevdin?!

Ömrünün tən yarısında

İki daşın arasında

kimi sevdin???

 

sevdiyim qadındın sən.

bəlkə də sevmək istədiyim.

Başqa kim sevdi səni, bu halınla,

kim???

Kim sənə görə keçdi hər şeyindən

Və hər şeyinlə sevdi səni?!

 

Niyə qısqandım ki, səni?!

 

Sən istədiyin kişiylə yata bilərsən,

istədiyini sevib,

istəmədiyini

ata bilərsən

sən gülə bilərsən bu halıma,

gülə bilərsən.

sən...

sən...

Lənətə gələsən!!!

 

 

həyatının tən yarısını yaşamış,

saçlarının bəyazını xınayla gizləyən,

atasız qız böyüdən

və guya başqasını sevən qadın.

Sənin sevdiyin mən idim

Nifrət etdiyin də...

Sevirəm səni

hələdə...

Hiç yorum yok:

Yorum Gönder