
QAN İÇİNDƏ YANANIM
(1992-ci il 26 fevral gecəsi, Xocalı genosidi)
İnsan dünya malını nə qədər yığsa da, lakin təhlükədə olanda candan keçmir. Çünki can hər şeydən şirindir. Bu nə yeni kəşfdir, nə də kiminsə inkar edə biləcəyi doğruluq. Bu isbata ehtiyacı olmayan həyat aksiomudur!
İllərdi min əziyyətlə tikdiyi, alıb, yığıb, içini doldurduğu evdən indi nəsə götürmək ağlına gəlmirdi. Təkcə öz canı və candan əziz olan balalarından başqa.
Yuxudan qonşuların səsinə oyandı və ani qulaq asandan sonra kənddən eşidilən güllə səsi onu cəld hərəkətə gətirdi. Ərini nə vaxt oyatdığını özü də bilmirdi. Qışqırmışdımı, çağırmışdımı, hansı sözü demişdi? Yoxsa qulağına pıçıldamışdı: “Dur, gəldilər!”
Nə demişdisə bilmir, amma indi heç bilmək də bir o qədər vacib deyildi, əsas o idi ki, uşaqların geyinməsinə kömək etsin!
Yerindən hövlnak durub axşamdan soyunub yanına qoyduğu qalın qış paltarlarını cəld geyindi. Artıq dörd ay idi ki, onların yaşadığı Xocalı şəhəri mühasirədə idi. Şəhərin müdafiə olunması üçün nə bir patron, nə də ən ümdə həyat məsələsi olan ərzaqla belə təmin olunmadığından şəhərin taleyi şəhərin özünə və onun əliyalın əhalisinin ümidində idi. Elə ona görə də, o da, bu şəhərin minlərlə sakini kimi hər gecə yatanda üst paltarlarını soyunub balışının altına qoyardı. Qonşu kəndlərin bir-bir boşaldılması ona və onun şəhərinin sakinlərinə təlqin etmişdi ki, paltarlarını özlərindən kənara qoymaq qəbahətdir. Paltarın gözdən uzaqlığı həyəcanlarının üstünə əlavə yük qoya bilərdi. Üstəlik aylardan bəri hər gün vaxtsız-vədəsiz yanıb-sönən işıqların onların dar günündə də sönməyəcəyinə kim zəmanət verə bilərdi ki? Onsuz da inamı çoxdan itib, ümidindən iki əlli yapışmış adamların, göz-gözü seçməyən evdə nə isə axtarmaq həvəsi yox idi.
Başını elə itirmişdi ki, paltar dolabındakı paltonu götürməyi düşünmədi. Bayıra çıxacağını bilsə də, qar üstündə nə qədər qalacağını bilmirdi.
– Tez ol, çəkməni gey!
Bu dəfəki əmri böyük qıza idi. Uşağın üstünə elə qışqırdı ki... O da dodağını büzüb, üzünü atasına tutdu.
Yuxulu idi, keyə dönmüşdü. Yuxudan doymamış durmağı, daha doğrusu atasının onu oyatması, uşağı tamam gicəltmişdi. Niyə də durmalı idi, axı səhər deyildi? Niyə geyinməliydi? Niyə getməliydi? Hara getməliydi, özü də bu gecə yarısı. Yuxulu-yuxulu döşəmə üstündə oturub uzunboğaz rezin çəkməsini ayağına dartışdırdı.
Ana bir də qışqırdı :
– Özün geyin, özün!
Sonra üzünü ərinə tutub :
– Bir az cəld ol, elə tərpənirsən ki... Belə getsə, hamımızı evdə qıracaqlar. Tez ol, bunu bağla! Möhkəm sıx, açılmasın!
Ərinə dalbadal verdiyi əmrlər dörd aylıq südəmər körpəni kürəyinə sarımaqdan ötəri idi. Hara getdiklərini bilməsələr də, amma bilirdilər ki, birinci işləri yola çıxmaq, camaata çatmaqdan ibarət olmalıdır. İndi ağıllarına gələn təkcə bu idi və bundan savayı heç nə zərrə qədər də olsun, onlara işıq vəd etmirdi.
Qucağına uşaqların paltarların qamarlayıb sıxdığı üçün qapını təpiklə itələdi. İlahi, göy yarılmışdımı, oradan buludlar yağış, qar əvəzinə yerə od yağdırırdı. Yoxsa, yerdən fasiləsiz odla buludları döyəcləyirdilər ki, göyü parça-parça edib, yerlə birləşdirsinlər. Göydə bir an fırlanıb, partlayan fişənglər öz qırmızı işığında qaranlıq gecəyə işıqla birgə, qara ölüm toxumu səpirdi. İşıq dalınca dalbadal top, avtomat, mərmi güllələri havada partlayıb, sonra yeddibaşlı əjdaha tək şəhərin üzərinə səpələnib evləri qırmızı dilli alovu ilə yalayıb ağuşuna alırdı. O gecə Xocalının yerində-göyündə hadisənin nədən oldu sualına heç kim cavab tapa bilməsə də, amma istər o gecə hadisənin içində olan, istərsə də sonradan onu kənardan müşahidə edən, bunun yalnız bir adı olduğunu anlayırdı – Xocalı qanda yanır.
Ananın dalına alıb qalın yun şalla möhkəm-möhkəm sarıtdırdığı körpə, öz çığır-bağırı ilə valideynlərini özünə cəlb etmək istəsə də, bu məqamda heç kəs ona yardım etmir, sadəcə kürəyə sarınması ilə payını artıqlaması ilə almış hesab edirdilər. O biri üç qızın ən böyüyünün səkkiz, ikincisinin yeddi, üçüncüsünün isə cəmi dörd yaşı vardı. İndi onlar atalarının köməyi və üstəgəl uşaq səriştəsi ilə bacardıqları tək bir təhər necə gəldi – düzünə, tərsinə geyinib ayaq üstə durmuşdular. Əsas o idi ki, qalın kürkləri əyinlərində və qulaqlı papaqları başlarında idi. Bu geyimlə bir müddət şaxtada yol getsələr də, amma donmayacaqlarına zəmanət vermək olardı.
Artıq güllə səsi şəhərin girəcəyindən yox, lap yaxından, evin ətrafından, beş addımlığından açıq-aydın eşidilirdi. Adamların səs-küyü, ağlaşması, qışqırtısı, vay-şivən qoparması hamısı bir-birinə qarışmışdı. Həmahəng olmayıb, könül oxşamayan səslər yerdən göyə qalxıb tük ürpədirdi. Qarışıqlıqda kimsə kimsəni çağırır, bağırır, lakin tezliklə də o səs güllə səsinin vıyıltısının içində əriyir, heçə dönürdü. Güllə əvvəl adamların səsini, sonra isə özlərini kəsib, doğrayırdı.
Bəzən kimsə odlu silahdan çıxan qırmızı alovun məngənəsində can vermədən canı yoxa çıxıb əriyən səsin dalınca düşür, axtardığı əzizini tapmaq ümidi ilə axşamdan aramsız yağan ağ qarı əzib cığır açır və tapacağı səsin yiyəsini bu cığırın üstündən götürüb irəli aparacağına ümid edirdi. Göyün yarılıb tüstü, duman şəklində yerə lay-lay töküldüyü bir zamanda itirdiyini tapmaq cəhdi adamları rahat buraxmırdı. Ana balanı, bala ananı çağıran məqamda boğazdan çıxan səsi hələ bu vaxta qədər bəşər tarixində heç bir canlı nə onu çıxarmağa qadir olmuşdu, nə də kimsə kimsədən onu eşitmişdi. Bəlkə də təhlükənin öz səsi, öz dili var. Adi hallarda təbiət onu gizlədir. Bir də bu gecənin qəribəliyi onda idi ki, hər kəs doğmasını götürüb oradan uzaqlaşmaq istəyirdi. Heç kəs yaxınını göz görə-görə cəhənnəm odunda buraxıb biryolluq qaçmırdı.
Kim deyir ki, Pompeyin son günü başa çatmışdı? Axı tarix bir əsəri iki dəfə səhnəyə qoyur. Bir dəfə faciə kimi, bir dəfə də komediya biçimində. Amma yerin göylə birləşməsi mövzusunda olan əsər ikinci dəfə səhnələşsə də, lakin hər ikisində də qəhrəmanlar faciəvi rol oynadılar. Məkan başqa, zaman başqa, hadisəni törədən birinci dəfə qəzəblənmiş təbiət idisə, ikinci səhnə həyatında isə rejissor təbiətən vəhşi kimi doğulub, ibtidailiyindən əl çəkməyən Tayqulaq Andranikin nəvəsi Artur idi. O, ermənilərin Qarabağ iddiası başlananda Moskva Kinematoqrafiya İnstitutunu buraxıb Xankəndindəki evlərinə qayıtmışdı. Sonra İrəvandan türklərin çıxarılıb sürgün edilməsində göstərdiyi şücaət nəticəsində şəhərin mərkəzində ən gözəl türk malikanələrindən birini zəbt edib, ailəsini o evə köçürmüşdü.
Onun sənəti yarımçıq atması, beş illik təhsil həyatını axırda yelə verməsi, atası – uzun müddət Xankəndində çəkməçi işləyən Aşotu əvvəl-əvvəl çox qəzəbləndirmişdi. O da çək-çevirdən sonra atasını başa salmışdı ki:
– Həyat özü də bir səhnədir. Amma fərq ondadır ki, teatrda başqasının əsərini əzbərləyib oynayırsan, həyatda isə ssenarini özün yazırsan, öz istədiyin kimi. Sonra da demişdi ki, sən heç narahat olma, mən Xankəndində elə tamaşa quracam ki, mənə təhsil vermiş müəllimlərim həqiqi artist doğulduğumu görüb, elə imtahansız diplomumu göndərəcəklər!
Ata oğlunun istedadına və əsl qəhrəman kimi sinəsinə döyüb, qürurla danışmasına heyrətin gizlədə bilməmişdi. Gözləri yaşarmış ana bu sözdən sonra Arturu qucaqlayıb bağrına basanda, o da yaxına gəlib oğlunun çiyinlərini iki əlli sıxıb, alnından öpmüşdür.
– Sənin çəkmə geydirdiyin ayaqları özüm sındırıb, şikəst edəcəyəm. – Sonra ürəkdən şaqqanaq çəkib gülmüşdü. Bu dəfə evdəkilər hamısı ona qoşulmuşdu. Bir xeyli gülüb:
– Arturcan, amma nə olar?!
– Aye, indi gör onlar bir də səni axtarırlarmı?
Bu gülüşdən dörd il keçdi, amma onun əks-sədası evin divarlarına elə hopmuşdu ki, heç cürə çəkilib getmirdi. Aşot isə doğrudan da çəkmə tikməyi tərgitmişdi. Çünki onsuz da İrəvandakı əksər ermənilər ya çəkmə tikən idi, ya da ən yaxşı pərdə dərzisi. Göyçə mahalından türklər sürgün ediləndən sonra onların hər iki bazarı bağlandı. Aşotun oymaq tutan barmağındakı qabarlar yavaş-yavaş açılsa da, amma nə heyif ki, ürəyindəki türk qabarı yumşalıb, əriyib itmirdi. Lakin bu zaman ərzində yumşalan təkcə onun hər iki əllərindəki qabar deyildi. İllər ötdükcə gözünün ağı-qarası bircə Arturunun da yaddaşından həm Xankəndindəki, həm də İrəvandakı qədim Göy Məscidin böyründə olan, qəsb edib soxulduqları Hacılar məhəlləsindəki evlərinə bütün istiqamətlərdən gedən irili-xırdalı cığırlar da silinib, yox olurdu. Oğlu evin yolunu çoxdan unutmuşdu. İki işi birdən edə bilməzdi – ya ata evin tutub oturmalı, ya da özü demişkən qarşısına qoyduğu məqsədinə çatmalı idi. O olmasaydı, Qarabağ kəndlərində qurulan faciəvi tamaşalar erməni saqqalıları üçün çox maraqsız və bu qədər canlı, dramatik olmazdı. Hərdən bir ona pul və qiymətli əşyalar göndərirdi. Evə də yazırdı ki: “Ata məndən nigaran qalma. Sağ-salamatam, bizim ordu irəliləyir...” Qısa məktubu ilə birgə onların dolanması üçün də puldan-paradan, əlinə keçəni, soyub taladıqlarını göndərirdi. Aşot isə: “Mən də axır ki, oğul qazancı yedim!” – deyib, rahat nəfəs alırdı. Son dəfə Malıbəyli kəndi türklərdən azad ediləndə yük maşınında evə bir xeyli sayda qoyun-quzu da göndərmişdi. Arturun anası, atası və heyvanları gətirmiş Şagen Barsegyanla Armo Abramyan oturub bir xeyli söhbət etdilər. Bu zaman Amina Akça giley-güzarlı kimi, bir az da oğlunu qınayıcı halda dedi ki:
– Arturcan unudub ki, biz qoyun əti yemirik. Yenə donuz olsaydı, dərd yarı. Mən qırx il onlarla bir həyətdə yaşadım, amma bir dəfə də olsun dilimə vurmadım. Qoyun əti pay verəndə də həyətdəki itə-pişiyə atırdım.
Arvad onlar deyəndə Xankəndindəki türk qonşularını nəzərdə tuturdu.
Maşındakı xırda başlı heyvanları boşaldan sürücü Armo Abramyan bəlkə bilməməzlikdən, bəlkə də valideyin narahatçılığını hələ cavan olduğu üçün hiss etməməsindən, Arturun anasının sözü qurtaran kimi dilləndi:
– Amina xala, indi Arturda ağıl adında bir şey qalıb ki, sənin nə yediyini də yadına salsın?
– Niyə, a bala? – deyib, Amina səsini qaldırdı.
– İndi o ancaq türkləri qırıb, axırlarına çıxmaqdan başqa heç nə düşünmür.
Ana narahat-narahat dilləndi:
– De, heç olmasa bir dəfə gəlsin, üzünü görüm.
– Vaxtı yoxdur!
– De, vaxt eləsin, gəlsin görək! – Bu dəfə Aşot da söhbətə qarışdı.
– Siz nə qoyub, nə axtarırsız? Onun üz-gözünü saqqal elə basıb ki, görsən, ağlını itirərsən – Armo sözünü qurtarıb bərkdən şaqqanaq çəkib güldü. Şagen də ona qoşuldu və bu qoşulmadan sonra, dil ilə də onun sözünü təsdiqlədi.
– Niyə üzünü qırxmır? Ay oğul, sən niyə bu gündəsən? – Amina son sözünü yanındakı Şagena deyirdi.
O da:
– Biz hamımız əhd etmişik, Qarabağı alandan sonra üzümüzü qırxıb, rahat yaşayacağıq. Arturu isə indi heç kəs öz adı ilə çağırmır. Elə hamı Saqqalı Mələk deyir. O da bu adı sevir. Deyir rusların məşhur “Ruslan və Lyüdmila” dastanındakı mələyəm – Şagen danışdıqca şit-şit hırıldayır və Armo ilə bir-birlərinə təkan verə-verə fikirlərini Saqqallı Mələyin valideynlərinə çatdırırdılar:
– Artur olmasaydı, yəqin biz çoxdan o dünyalıq olmuşduq.
Bu dəfə üzünü Aşota tutan Armo Abramyan dilə gəldi:
– Dayı bilirsən, onun dastandakı ölüm mələyindən fərqi nədi?
Gülməyinə ara verən Aşot başını bir az da ona doğru əydi ki, oğlunun yaxşı əlamətlərini daha yaxşı eşitsin.
– Dastanda mələk kimi öldürürdüsə, Ruslan gedib onu ayıldırdı. Amma Arturun xosunbay etdiklərindən heç kim qayıtmır... Ha, ha, ha...
Oğlan gülə-gülə saqqallı mələk kəlməsini bir neçə dəfə boğazında qaynadıb, ağzını yuxarı qaldırıb hırtıldaya-hırtıldaya nəfəsini təmiz havaya buraxdı. Dediyi “xosunbay” sözü isə erməni döyüşçülərinin öz aralarında yaratdıqları və döyüşçü lüğətində əsas kəlmələrdən biri idi ki, türkləri nişan alanda “indicə onu vuracam” və ya vurub yerə sərəndən sonra “işini bitirdim” mənasını verirdi.
Ana oğlunun döyüşçü dostu Şagenin “Artur ağlını elə itirib ki...” kəlməsindən narahat olsa da, amma bu halını dilə gətirib, əri ilə dərdləşməyə ehtiyac duymadı. Həm fikirləşdi kişi xeylağıdı, ürəyinə salar, onsuz o da uşaqdan çox narahatdır. Həm də sözü deyənin cavan olduğunu, dəli-dolu danışdığını, ağzına yiyəlik etmədiyini özünə təsəlli kimi ürəyində pıçıldadı!
Ax, ana ürəyi! Təbiət bu həssaslığı niyə onun naturasına bol-bol hopdurub ki, adi, yersiz deyilmiş kəlməyə də narahat olur. Ürəyinə dərd edir, ömründən kəsib övladının narahatçılığının həll olunması üçün ondan bir maya tək istifadə edir və onun həyatına qatıb qaydasız yolunu düzləyib hamarlamağa çalışır.
Şagen və Armo özünün və dostlarının döyüşdə göstərdiyi şücaətlərdən ürək dolusu danışır, basıb-bağlayır və hamısı bir yerdə ağız-ağıza verib hırıldaşırdılar. Danışdıqca tər qoxuyan bu cavan oğlanalrın üst-başlarının çirki adama gəlirdi. Armodan fərqli olaraq, Şagen qaşıdığı saqqalından əvvəl-axır əlini çəkmirdi ki, əli də bir istirahət etsin. Bunu görən Amina Akça sözarası dedi ki:
– Hamam istidi, təzə qalamışıq, gedin bir üz-gözünüzə su vurun! Rahatlanın... Yol yorğunluğu canınızdan çıxsın.
Amma onlar hər ikisi Arturun anasının ürəyiyananlıqla dediyi yuyunmaq fikrinə qarşı etirazlarını eyni vaxtda etdilər. Şagen isə bir qədər də artıq izahat verdi:
– Bir az oturub getməliyik. Hələ bir neçə yerə dəyməliyik. Axşama qədər bütün işlərimizi qurtarıb dala qayıtmalıyıq.
– Niyə tələsirsiz? Nə var belə? – Aşot qayğıkeşcəsinə onları dilə tutdu ki, istirahətə razı olsunlar.
– Böyük əməliyyata hazırlaşırıq. Bununla bağlı Yerevana xaricdə yaşayan ermənilər yardım gətirib. Onları yerbəyer edirlər. Hamısını hissə-hissə Qarabağa daşımalıyıq.
Şagen sözünü tamamlayan kimi ardını Armo izah etdi:
– Həm də Vazgen Sisiyan özü də Yerevana gəlib.
– Vazgendəmi? – Aşot sual etdi.
Vazgeni tanımayan erməni yox idi. Erməni prezidenti Robert Köçəryan Qarabağ müharibəsindəki xüsusi yardımına görə ona Qarabağ müharibəsinin qəhrəmanı adı vermişdi. İndi Arturun dostları birbaşa onun özüylə bağlı iş görürlərsə, demək məsələ çox ciddidir. Bu yerdə həm də Şagen əlavə etdi ki:
– Vazgen Sisiyanı, gətirdiyi ehtiyat silah-sursatlarla birgə özünü də Xankənddəki qərargaha aparmalıyıq. “Dro”-nun rəhbəri Qrant Markaryan, Beyrutdan Əbu Əli və Hilbert Minasyan da gəliblər. Bir azdan onların yerləşdiyi mehmanxanaya gedib, xüsusi müşahidəçilər qrupu ilə birgə Xankəndinə getməliyik.
İki erməni döyüşçüsü ağız-ağıza verib danışmaqları ilə Aşot və Aminaya çatan bu oldu ki, onları istədikləri zamandan artıq saxlaya bilməzlər. Söhbətin mövzusunu isə Aşot dəyişib, yenilik gətirdi.
– Ay oğul, bu qoyunlar hardandır?
– Dayı, Malıbəylininkidi!
– Malıbəyli?! – Təəccüb və heyrətini gizlədə bilməyib, açıq-aydın büruzə verən Aşot səsini bir qədər də qaldırdı.
– Aye, biz Maləbəylini tutduq axı! – Şagen cəld dilləndi.
– Yaxşı tanıyıram o yerləri. Xocalı, Xocavənd tərəfdədi, Kərkicahanın böyründə. Düppədüz Şuşa yolundan aşağı.
– Hə, dayı elədi.
– Mənim ən yaxım dostum olub o kənddən.
Amina bayaqdan sakit otursa da, axır ki, dözməyib dilləndi:
– Aşotcan, kimi deyirsən?
– Kirvəmiz Rüstəmi...
– Hə, hə, hə... Onumu deyirsən? Yadıma düşdü! – Amina qımışa-qımışa təsdiqlədi. – Adamın yadından necə çıxar? Birevli kimi olmuşuq, zarafat deyil. Arturu onun qucağına qoymuşduq. Rüstəmin oğlunun sünnətində də bir yekə xonça tutmuşdum, bir də İspanakertdə Rüstəmin arvadına qəşəng qızıl bilərzik düzəltdirmişdim. Əsl rus qızılı idi, xalis çervon, qatqısız-zadsız. – Bu dəfə Amina əlini qaldırıb sol biləyindən yapışaraq düzəltdirdiyi qolbağını təsvir etdi. – Adam gərək kirvə toyuna xonça tutanda adına layıq tutsun. Hamının içində açıb baxırlar. Soruşub bilən, arxamızca nə deyər? Deyər, İspanakertdən kirvəsi gəldi, o da saxta, geydirmə qızıl gətirmişdi.
Bu dəfə dil-boğaza qoymayan Amina, qadın məharətindən fəxrlə danışırdı.
– O Rüstəmlə o qədər tut arağı vurmuşam – deyən Aşot, erməni azərbaycanlı ailələri arasındakı kirvəliyin həqiqiliyindən, bir-biri ilə duz-çörək kəsib, sadiq qalmalarının o zaman əsl şərt olduğunu bu cavan oğlana indi nümunələrlə başa salırdı.
– Oğul, duz-çörək, düz çörək! Bizlər o vaxt duz-çörəyi halallıqla kəsərdik. Kim ki, kəsdiyi çörəyə naxələflik etdi, deyərdilər filankəs nakişi çıxdı, süfrəsi dizinin üstündədir. Onun adamlığına, sədaqətinə bir də heç kəs inanmazdı. Biz elə-belə dost olmamışıq, ailəvi get-gəlimiz olub. Xocalıda onun bacısı evi var... – Bu yerdə sözünü kəsən Aşot bir az fikirləşdi. – Görüm adı nə idi onun, bir yaxşı mehriban qadın idi. Bir mehriban arvad idi.
Aşot Rüstəmin bacısınin adını tapmamış, Amina dilləndi:
– Biy, Aşotcan, Səriyyə!
– Hə, hə...
– Mən bir dəfə getmişəm onlara.
– Səninlə əri öləndə getmişdik.
– Bıy, necə yadıma gəlmir? Elə gəlir, yasa getmişdik.
– Sən bir dəfə getmisən, amma mən Rüstəmlə çox getmişəm. Bacısının hər işinə kömək edirdi. Yazığın əri cavan öldü, kişi kimi bir uşağnan oturub, onu saxladı.
– Yasa getmişdik deyəndə, onlar da bizim bütün xeyrimizə-şərimizə həmişə gəliblər.
Aşot keçmiş kirvəlik həyatından, türklərlə birevli kimi iç-içə necə doğma yaşamalarından oğlana çox danışdı.
– Səriyyəgilin bağlarında elə dadlı xar tut olardı ki... Bəh-bəh... Bir dəfə budağından qələmə götürdüm, amma bizim həyətdə calaq tutmadı – dedi Aşot. Sonra da əlavə etdi: Oğul, kirvə bizlərdə qardaşdan irəli sayılıb. Məclislərimizdə həmişə kirvəni başda otuzdurmuşuq. İstər xeyirdə, istər şərdə, heç fərq olmayıb. Bu mənim kirvəmdi, vəssalam. Bir dəfə kirvələr arasında saxtakarlıq olmayıb. Allah baisin evin yıxsın, qoymadılar rahat yaşayaq.
– Aye, indi oralarda kirvə-mirvə nə gəzir? Sən nə kirvə-kirvə salmısan! Sən də tutmusan Rüstəm belə gəldi, elə getdi.
Xoşbəxtliyini roman səhifəsi tək vərəqləyib yaddaşında təzələyən Aşot, başını qaldırıb indi o yerlərdə rüstəmlərin olmamasını xüsusi vurğu ilə deyən Şagen Barsegyanın üzünə baxdı. Gözləri yalnız bir nöqtəyə dikilmişdi, amma dinmədi. Sifəti elə dondu ki, sanki tükü ütülmüş kəllə Rüstəmi görməyəndən bəri soyuducunun buzluğunda qalıb, bütün həyat əlamətini itirib. Fikri dağı arana, aranı dağa daşıdı. Maşından yerə endiriləndən donuz yatağının bir küncünə yığışıb mələşən qoyun-quzuya baxdı. Baxmayaraq ki, onlar bir saata yaxın idi gəlmişdilər, amma bu yerdə yadlıqlarını öldürə bilmədikləri üçün nə fısıldayıb, xoruldayan donuzlara qarışır, nə də onların həlməşik qatışıq yemlərinə ağız vurub dadına baxırdılar. Aşotun donuqluğu aranı soyutdu, hamı susdu. Elə bil qurbağa gölünə daş düşmüşdü. Canlılar təhlükə görüb suyun altına pənah apardıqları üçün göl durulub, durğunlaşıb qaynar həyat anlamını itirmişdi. Ərinin real həyatdan küskünlüyü Amınanı hərəkətə gətirdi. Azça dönüb kişinin baxdığı səmtə başını çevirən kimi gələcək ailə planlarının yaxında olan önəmli məsələlərini dilə gətirib, yüngülvari izah etdi:
– Onsuz da bunlara verəsi yemimiz yoxdur. Hamısını kəsib, qovurub bardaqlara yığarıq. Əsl qışın malıdı. Qışa saxlarıq...
Son sözünü deyəndə gözləri parıldadı. Zarafat deyil, oğul qazancı yeyəcəkdilər!
Oğul tale həll etməkdə anasına necə oxşamışdı? Malıbəylinin taleyini oğul həll etmişdisə, oradan gətirilmiş qoyun-quzunun gələcəyini isə ana plan cızıb yerbəyer edirdi.
II
Səs səsə qarışmışdı, adam adama. Əsli-kökü bu şəhərdən olub, bu şəhərdəcə dünyaya göz açmışlar, indi evlərindən bir metr aralıda olan böyük yola aparan cığıra çıxa bilmir, dünyalarını bu şəhərdən kənarda təsəvvür edə bilməyənlər aləmin alt-üst olduğunu görüb dünyalarındaca itirdilər. Güllənin hər cəhdlə adam səsini boğazda və havada boğduğu zamanda, it hürüşü, at kişnərtisi, dana-buzov böyürtüsü, quzu mələşməsi və bu kimi dağlar qoynunda salınmış şəhərin həyatına adi hallarda qeyri-adi rəng qatan əlvan boyalar, indi ağır silahlı texnikanın dəmir tırtır təkərləri altında qar üstünə sərib elə ütüləyirdi ki, oradan yalnız bir səs eşidilirdi, o da qulaq batıran uğultu.
Ana dalına sarıdığı qundaqla evin bayır pilləkəninə birinci addım qoydu və arxasıyca əri və onun əlindən, ətəyindən anac cücələri tək yapışmış körpə qızcığazlar. Ev nə qədər qaranlıq olsa da, bayır əksinə, göy üzünü bombardman edən silahların qorxusundan günəşin üzü açılıb, elə bil təbiət vaxtından qabaq gündüzünü yaşayırdı. Uşaqlar üşəndilər, atalarını dürtmələyib içəri çəkməyə başladılar. Adamların qışqırıq, ağlaşma səsinə qarışmış evin qabağındaca balaca daxmasında zəncirlənmiş Alabaşın tük ürpədici, eyni ilə çaqqal kimi ulaması, dartınıb yerindən atılmaq istəyini görmələri körpələrin vahiməsini dəhşətli dərəcə də artırdı. Qadın heç nəyə baxmadan pillələri birinci endi. Çox güman ki, bu cəld, iri addımları ilə həyət qapısına çatıb özünü böyük yola salacaq. Amma qəfildən üzü üstə yıxıldı, yalnız bir dəfə qıy vurdu... Başının üstündən keçən dalbadal avtomat atəşindən məlum oldu ki, özü yıxılmadı, naməlum istiqamətdən tuş olan güllə onu soyuq qarı qucaqlamağa məcbur etdi. Güllə başını deşmişdi və bu deşikdən yol salan qan qarın üzərinə tökülür və qar qanın təsirindən əriyib ağırlaşdıqca aşağı enirdi. Sanki günahkar kimi gənc ananın qarşısında diz çökürdü.
Qadının səsi xırıldadı və tez də kəsildi. Qarnının altına yığılıb düşmüş ayağı xırıldayan zaman etdiyi çabanın təsirindən azca da olsa tərpəndi. Tərpəniş ani, lap ani oldu və kəsildi... Taleyinin kəndirini isə o evdən çıxanların əli silahsız olduğunu görən saqqallı erməni mələyi kəsdi. Evdən çıxarkən tələm-tələsik götürdüyü uşaq paltarlarının hərəsi bir yana səpələndi. Silahlıdan tük salan, silahsızın qənimi tut ağacının dalından çıxdı.
– Dur! Tərpənmə! – Avtomatı qəti sinəsindən endirmədən, əksinə onu bir qədər də köksünə sıxaraq, bağırdı. Əli çaxmaqdaca dalbadal əmirlər verdi.
Durdular, tərpənmədilər. İndi bunların içində tərpənən bir varlıq vardı. Ona isə nə dur, nə də tərpənmə əmri çatırdı. Nə gülüşün, nə də ağlamağın mənasını hələ dərk etməyənə, sözləri də qandırmaq çox çətin olur. O da ola dörd aylıq çağa! Anasının dünyası şəhəri ilə mahdudlaşırdısa, onun dünyası isə təkcə anası idi. İndi ağzı üstə qarın üzərinə düşüb kürəyinə sarıdığı üşağı heç kəsə tapşırmadan dünyası ilə vidalaşan qadın.
Meyit isti olsa da, bayaqdan yuxudan kal durub qaçan, tələsən anasının dalında doğmasına sığınmışdısa, indi o dünyasının hərəkətsiz olması onu ağlamağa vadar edirdi.
İkinci qız atasının əlini buraxıb, qeyri-ixtiyarı olaraq, səssiz-səmirsiz qar içində uzanmış anasının üstünə qaçdı.
– Dur! Dur! – Yerindən tərpənməyən erməni durmadan, aramsız uşağın dayanmasını, tərpənməməsini israr edirdi.
Anasına soyuq yerdən qalxmaq üçün kömək etmək istəyi uşağa imkan vermədi ki, addımlarını saxlasın. Amma anaya çatar-çatmaz güllə onu haqladı. Səndələyib yıxıldı. Zavallı qızcığaz yarıcan qaldığı üçün bir neçə dəfə zarıya-zarıya çabaladı, sonra yerindəcə qıvrılıb kökündən qoparılmış fidan tək qar üstündə atılıb qaldı. Hərəkətsiz qalsa da, amma anasına uzanan əli artıq onun sol biləyindən yapışmışdı.
Ata və onun əllərindən möhkəm yapışıb tir-tir əsib ağlayan iki qız erməni əmrinə müntəzir durmuşdular, tərpənmirdilər. Onların yanına qonşu həyətdə yaşayan ana nənələri Səriyyə arvad qaça-qaça gəldi. Gəlmişdi qızının ailəsindən xəbər tutsun, uşaqları burdan çıxarmaqda onlara kömək etsin. Amma əli silahlıların ondan qabaq həyətə yetişməsi indi onu da vahiməyə saldı. Lakin qızının, nəvəsinin qan içində bulaşıb qalması onu durdura bilmədi. Saqqallının əmrinə tabe olmadı. İki əlini yuxarı qaldırıb, yaraq-yasaqsız olduğunu silahlılara göstərə-göstərə meyitlərə tərəf addımladı. Bir tərəfdən qızının ölümü, digər tərəfdən körpə nəvəsinin qar üstündə qalıb yanıqlı-yanıqlı ağlaması, kömək diləməsi, isti qucaq axtarması onun ürəyini göynətdi. İnstinktiv olaraq canıyananlıqla irəli yeridi. Gözünə nə çaxmaqda olan silah, nə də göydə bayram fişəngi tək açılan, partlayan, işığı, səsi ət ürpədən bombalar, qəlpə-qəlpə olub baharda torpağa səpilən buğda dənəsi tək hər birisi hara gəldi düşən güllə mərmiləri göründü, nə də adam-insan cildini Qarabağ dağlarında çoxdan itirmiş erməni bağırtıları onu addım atmaqdan saxlaya bildi. O ölümdən qorxmurdumu? Yoxsa, indi ondan kömək umub var gücü ilə ağlayan uşağın yanında aciz qalmamaq üçünmü hərəkətsizliyi özünə sığışdırmadı.
Uşağı şal qarışıq qar içində üzüqoylu uzanıb qalmış ananın dalından açıb öz dalına sarıdı. Amma nəinki qaçmaq, yerimək, heç iməkləmək belə mümkün deyildi. Həyətdə artıq erməni bir yox, bir neçə nəfər idi. Bayaqdan tut ağacının dalında durub, evdən çıxanları müşahidə edənlər, onların silahsız olduğunu dəqiqləşdirib, hamısı birdən gizləndikləri yerlərindən çıxdılar. Onlardan ikisi qabağa yeridi. Uşaqların atasının iki qolundan tutub özlərinə tərəf çəkdilər. Qızlar atalarından əl çəkməyib, ondan tutub sallaşıb, arxasınca yarı yola qədər onunla getdilər. Erməni əvvəl dörd yaşında olan balaca qızı, sonra da böyük bacını təpiklə vurub, yerə sərdi. Böyük səndələsə də, cəld ayağa qalxıb irəli cumdu.
– Rədd ol! – Balacanı təpiklə vuran, var gücü ilə ona hədə-qorxu gəlib qışqıran Armo Abramyan, avtomatın qundağı ilə onun kürəyinə zərbə endirdi.
Balaca qız vurulub yerə atılanda yarıya qədər qara batdı. Nənə bu dəfə onu qaldırmağa cəhd etdi. O uşağa çatar-çatmaz Arturun sol böyründə durmuş Andranik Arutunyan əlindəki silahı ayağa çəkib şaqqıldatdı.
– Al, bu da sənin payın! – deyib, avtomatın bir meyvəsinə də onu qonaq etdi.
– Ay dədə, qoyma!..
Qız var gücü ilə qışqırıb ayağını iki əlli tutdu.
– Hamınız gəbərəcəksiniz! İt kimi gəbərəcəksiniz, türk küçüyü!
Bağıra-bağıra barmağını tətiyə basan Armonun qoluna zərbə ilə iki saqqallının əlindən dartınıb çıxan atanın zərbəsi dəydi. İkinci güllə uşağın başının üstündən vıyıltı ilə evin pəncərəsinə dəyib, pəncərə aynasını çiliy-çiliy etdi. Nənə qan yuyub aparan körpəni qucağına aldı. İt yuvasının yanına gətirib, bir təhər qaldırıb daxmanın üstünə qoydu. Yaraya baxdı. Güllə topuğun bir tərəfindən girib, o biri tərəfindən çıxmışdı. Sonra başının yaylığını açıb var gücü ilə uşağın topuqdan yuxarı ayağını sıxdı ki, qanı axıb qurtarmasın.
Uşaqların atası Fərhadı tut ağacının dibinə gətirdilər. Özləri ilə hazır vəziyyətdə gətirdikləri nazik kapron ot presinin kəndiri ilə onu ağaca sarıdılar. Çox danışmadan, sorğu-sualsız birbaşa azadlığın şərtinə keçdilər.
– Əgər desən Qarabağ erməninindir, onda səni sağ buraxacağıq.
Bunu həyətdə ermənilərin hamısından əvvəl görünən ürəkli Artur deyirdi. Danışa-danışa da gülür, şadyanalıqla yerində var-gəl edir, avtomatın lüləsini gah onun böyrünə, sinəsinə, gah da başına sürtürdü. Bəlkə də bayaqdan Xocalı əhalisini güllə-boran edən silahın yanan oddan qaralmış hisini onun üst-başına silirdi.
Fərhadsa onların gözünə baxa – baxa:
– Heç vaxt! – dedi.
Saqqallı silahı onun başına dirədi.
– Həyatın bir kəlmədən asılıdır.
Erməni şaqqanaq çəkib güldü. Bu qədər qanın, fəryadın içində gülmək, hər halda xoşbəxtlik nişanəsi deyildi. Onun anormal olduğunu sübut etməyə də xüsusi laboratoriya təcrübəsinə ehtiyac yox idi. Faciəni dərk etmədən faciə törədənin özü də həyatda gec-tez faciəli əsərin qəhrəmanına çevrilir.
– İndicə gəbərəcəksən!
– Deməyəcəm! – Fərhad qətiyyətlə dilləndi.
– De! Yoxsa...
“Deməyəcəm!” kəlməsi saqqallının qulaqlarında bomba kimi partladı. Bayaqdan həyətdəki yer təndirinin ocaq başını, evin qabağındakı balaca aşxananı bir-birinə vurub, eşib, neft, kerosin axtarıb tapan iki erməni, Şagen Barsegyanla Andronik Arutunyan nəhayət əmrə müntəzir tut ağacının altına gəldilər.
– Evi yandırın!
Uşaqlar ağız-ağıza verib bağırışdılar. Nənələrinə yalvardılar:
– Ay nənə, qoyma, qoyma! Nə olar, qoyma!
Uşaqlar nənələrinə yalvarır, onun paltarından tutub silkələyirdilər ki, evi yandırmağa gedənləri yolundan saxlasın.
– Biz harda qalacağıq?
Uşaqlar yalvarışları ilə birgə gələcək həyatları ilə bağlı ağıllarının kəsdiyi qədər nənələrinə sual verirdilər.
Uşaqların yanan evlərini görməsinlər deyə, qoca onların hər ikisinin başını öz sinəsinə sıxdı.
Uşaqlığın da öz qəribəliyi var. Böyükləri yenilməz, hər şeyə qadir bilirlər. Zənn edirlər onlar sarsılmaz, sınmaz. Özün böyüyəndə isə başa düşürsən ki, uşaqlığının bütün yükünü yanındakı böyüklərin çəkdiyi üçün sən yükün ağırlığını hiss etməyib belə düşünürmüşsən.
Evin qapısına, pəncərəsinə vurulan həyətdəki yer təndirinin daxmasından götürülmüş kibrit neftin gücündən və həm də aynabəndin məhcərinə rəng çəkildiyi üçün sürətlə, şaqqıltı ilə yanmağa başladı. Ermənilər gülür, sanki yanğın şadlıqlarına xüsusi rəng qatdığı üçün xüsusi bayram halı yaşayırdılar.
– Hə, indi necəsən? Deyəcəksən, ya yox?
– Yox, Qarabağ bizimdir!
– Aye, indi sənin məsələnə baxarıq.
Saqqallı yanan evdən gözünü çəkib, üzünü tut ağacına tutdu.
– Onun məsələsi həll olundu. İndi düppələmdüz olacaq! Ha, ha, ha ...
Yerində yırğalanıb, kəməri ilə sinəsindən asdığı avtomatı gah evə, gah da ona sarı tutub, onun təslim olması üçün şəbeh səhnə yaradırdı.
– Tök ayaqlarına! – deyib, əməliyyata başçılıq edən Saqqallı Mələk Şagen Barsegyanın əlindəki neft dolu qaba nəzər salıb göstəriş verdi.
Şagen də vaxt itirmədən əlində tutduğu neft qabını daha da yaxına gətirib bir hissəsini ayaqlarına çilədi. Sonra başını yuxarı qaldırıb, səsinə həlimlik qataraq Fərhada canıyananlıqla dedi:
– Nə qədər ki, gec deyil, de. Qarabağ ermənindir!
– Yox, Qarabağ bizimdir!
Saqqallı əlindəki siqaret çaxmağını çaxıb onun neftli ayaqlarını alışdırdı.
Böyük qız dözməyib atasının yanına qaçdı.
– Erməni, nə olar, atamı öldürmə!
Erməni ayağını silkələdi ki, onun şalvarından tutub yapışmış qız əl çəksin, amma mümkün olmadı.
– Nə olar? Anamı öldürmüsən, bacımı öldürmüsən, atamı öldürmə də. Biz kiminlə qalacağıq?
– Rədd ol!.. Bunu rədd edin.
Qolundan tutub bir az sürüyüb ağacın yanından kənara atdılar. Amma qız yenə də heç nə olmamış kimi Arturun üstünə qaçdı.
– Əmi, nə olar! Öldürmə də atamı! Əmi, qurban olum, öldürmə...
Ata yanan canının ağrısını ermənilərə eşitdirməsin deyə dişlərini bir-birinə sıxıb dözürdü.
Artur üzünü ona tutdu:
– Eşidirsən?
Ondan heç bir səs çıxmadı.
– Həyatın yalnız bir kəlmədən asılıdı. De ki, Qarabağ erməninindir, biz də səni buraxaq, get yetimlərini saxla.
Ayaqları yarıya qədər yanandan sonra ermənilər təpiklə onun üstünə qar töküb alovu sondürsələr də, amma ağrı əvvəlkindən heç də az deyildi. Dodaqlarını sıxıb, zarıltısı eşidilməsin deyə, kilidlədiyi ağzını nəhayət açdı.
– Yox, yox!!!
– Yandırın qurşağa qədər!
Dillə dediyini əliylə də göstərdi. Əslində işarələdiyi xəttə əlini vurmadı, sadəcə əlindəki avtomatı azca qabağa uzadıb onun qarnına dürtüb, göstərişini verdi. Artıq neçə il idi ki, boynundan asdığı silah onun yarağı olmaqla yanaşı, həm də bədəninin bir hissəsinə çevrilmişdi.
Hər əmrə müntəzir silahdaşlarından biri, onun sözü ağzından çıxar-çıxmaz əlində hazır tutduğu siqaret yandıran çaxmağı alovlandırıb qolunu irəli uzatdı.
– Saxla! – Gülə-gülə əmr verib, təzədən onu yandırmaq fikrini ya yubatdı, ya da insaf onun ürəyini qızdırdığından fikrindən daşındı. Bu dəfə üzünü ağrıdan göynəyib-sızlayan Fərhada tutdu:
– Yaxşı-yaxşı fikirləş! Fikirləş, nə qədər gec deyil.
– Mən dediyimi demişəm, nə etsəniz, xeyri yoxdur. Torpaq bizimdir!
Artur başı ilə çaxmaq tutan Vazgen Sisilyana işarə verdi. Alov ayaqlarından yuxarı qalxdı. Böyük qız dözməyib, dartınıb, çırpınıb nənəsinin qolları arasından çıxdı. Arturun sağ qolundan tutub yalvarmağa başladı:
– Əmi yandırma... Əmi atamı öldürmə, nə olar! Öldürmə, qurban olum, öldürmə!
Uşaq ağlayır, yalvarır, atasının sağ qalması üçün bundan başqa nə edə biləcəyini ağlına gətirmirdi.
– Çıx get, get!!! – Qəzəblənmiş Artur, dəlicəsinə bağırıb, onu təpiyi ilə itələyib özündən kənara saldı.
– Get, qızım, get. Ağlama... – Atası da qızının getməsini, yersiz yalvarışlarını kəsməsini ona tapşırdı.
– Gəl yanıma, gəl! – Səriyyə arvad nəvəsini çağırdı.
Ağzının-burnunun suyu ağlamaqdan bir-birinə qarışmış uşaq, nənəsinin böyründən yapışıb, daha da hönkürdü. Bu arada başqa bir erməni – Qrant Petrasyan bayaqdan qar üstünə düşüb qalmış qızın meyitinə çatıb, onu təpiklə vurub çevirdi. Sonra əl atıb cibindəki avtomat bıçağını çıxartdı. Sumqayıt hadisələri başlanandan Beyrutdakı ev-eşiyini tərk edib, birbaş Xankəndinə gəlib Arturun dəstəsinə qoşulub Qarabağ dağlarına çəkiləndən bəri bu alət onun üçün universal xüsusiyyətli olmuşdu. Onunla həm silahını təmizlər, həm ət kəsər, çörək doğrar, həm də ən yaxşı halda indicə gördüyü işi, elə hər dəfə də onunla görərdi. Dostları zarafatla deyərdilər ki : “ Sən artıq bu sahənin mütəxəssisisən. Sən olan yerdə bizim zəhmət çəkməyimizə ehtiyac yoxdur”. Hələ üstəlik onu da deyərdilər ki: “Məəttəlik müharibə qurtarandan sonra sən nə iş görəcəksən? “Dostlarından da kimsə ona yüngülvarı məşğuliyyət tapıb demişdi ki: “Onda da verərik ölmüş heyvanların gözün ovar”.
Uşağın meyitini çevirən kimi bıçağın düyməsini barmağı ilə basdı. Bir göz qırpımında ülgüc kimi par-par yanan metal dili şaqqıltı ilə qəbzəsindən irəli atıldı. Və sonra onu zərblə uşağın başına endirdi. Bir nəfəsə hər iki gözünü çıxartdı. Nənə onun nə edəcəyini əvvəlcədən təxmin etmişdi. Qonşu Malıbəyli alınanda oradan sağ qalıb Xocalıya qaçan qohum-qardaşları danışırdılar ki, adamların başın kəsib, doğramamışdan qabaq, birinci hər iki gözlərini çıxarırlar. Ona görə də Səriyyə arvad hər iki nəvəsinin başın öz sinəsinə sıxıb dedi:
– Baxma! Baxma!
Nənə özü baxmasa da, qəzəbindənmi, həyəcanındanmı tir-tir əsirdi. O qızcığazın adını özü qoymuşdu – Vəfa! Amma heç vaxt adı ilə çağırmaz, elə həmişə Qaragöz quzum deyərdi. Uşağın anası da ona deyərdi ki: “Ay ana, sənin xəbərin var, buna heç kəs öz adın demir. Evdə biz də, həyətdə uşaqlarla oynayanda da Qaragöz çağırırlar.” Nənə də öz təyinindən razı halda gülüb deyərdi ki: “Mən bilmədim, bu böyüyüb belə qara göz olacaq. Elə əvvəldən Vəfa qoymazdım. O mənim Qaragöz quzumdu, qızımdı. Göydəki ulduzumdu!” – deyən Səriyyə arvad, hər dəfə onu əzizləyib, oxşayıb, bu sözlərlə oynadardı. Böyük qızın ağlı daha çox kəsdiyi üçün deyərdi ki: “Ay nənə, mən səndən küsdüm! Sən onu hamımızdan çox istəyirsən!” Nənə gülərdi və sonra da uşaqları bir-bir öpüb: “Siz hamınız mənim balamsız,” – deyərdi. Razı olmazdı ki, hansısa nəvəsi ondan incik düşsün.
Ciyərparəsinin ölümü az imiş kimi, hələ üstəlik onun qara gözlərini də bəbəyindən ayırıb adamı soyuqluğu ilə doğrayıb, kəsən şaxtanın içinə atdılar. Alovun qurşağa qədər vəhşi ehtirasla yandırıb kabab etdiyi Fərhad, qızının meyitinin təhqir olunduğunu görsə də, amma dinmədi. Bu səhnəni birinci dəfə deyil di ki, görürdü! Məgər döyüşdüyü dağlarda azmı görmüşdü təhqir olunmuş meyitlər.
Fərhadın alovunu Şagen söndürdü. Əlbəttə, Arturun göstərişindən sonra. Amma Arturun öz yanğısı hələ də sönməmişdi...
– Aye, a türk, məni eşidirsən? İndi necəsən? Ay, sözü daldan başa düşən!!! Deyirsən? – avtomatın lüləsini onun yanağına sıxıb, dalbadal suallar verdi. Suallarına ara verib, məsləhətini dedi:
– Sənin yaşamaq şansın var. Bir kəlmə de, de ki, Qarabağ er- mə-ni-nin-dir!..
Erməni sözünü xüsusi hecalayıb, özünəməxsus intonasiya ilə bağırdı – Onu de, buraxım, get yaşa... Aye, yaşa da! İstəmirsən yaşamaq?
Sonra əlini qabağa uzadıb Səriyyə arvaddan bərk-bərk yapışmış qızları göstərib, ürəyi yanırmış kimi dedi:
– Sən ölsən, onlar da acından öləcək!
Daha əvvəlki tək gülmür, amma Fərhadın bir kəlməni etiraf etməsini israrlayırdı. Sanki yandırılanın yox, yandıranın həyatı bir kəlmədən asılıdır.
– Qarabağ bi-zim-dir! Azərbaycanındır!
– Yandırın! – Deyib, bu dəfə avtomatı onun boğazına dirəyib işarə verdi. Sonra öz qələbəsini şadyanalıqla bayram edirmiş kimi havaya havayı boş güllə atdı. Daha sonra döyüşdə əldə olunan qəniməti bölən sərkərdə tək, səxavətlə qənimətləri yerbəyer etməyə başladı.
– Qız sənin, işini bitir!
Bu payı çaxmaq alışdırana peşkəş etmişdi. O da vaxt itirmədən uşağa doğru addımladı. Artur bir də fırlananda ev yandıranda xüsusi canfəşanlıq etmiş dostu Andronik Aratunyanın sinəsinə avtomatla toxunub:
– O da sənin...
Növbəti pay bölgüsündə Səriyyə arvad işarələnmişdi. Qaragözün gözlərini ovan saqqallı Qrant Petrasyan uzaqdan-uzağa çığırdı:
– Bəs mən, mən kişi deyiləm?
– Sənin payın qabaqda, tələsmə! Yubanmaq olmaz, bunların işin bitirək, qaçaq...
Andronik Aratunyan irəli yeriyib əmr verdi:
– Aç, küçüyü!..
Səriyyə arvad özündən biixtiyar ölümü, hədəni və vəhşiliyin bütün incəliklərini görməyi ilə yanaşı, heç nəyi indi eyninə almadan ona qışqırdı:
– Bəsdi daha!..
– Neynək, indi ki belə oldu, ikinizi də bir yerdə öldürəcəm.
Arvad yerindən bir addım dala çəkildi.
– Yaxşı, öz xoşunla açmırsan? Aç qulağını eşit, onsuz da burdan sağ çıxan olmayacaq!
Aratunyan əlindəki silahın qundağı ilə onun kürəyindəki körpəyə zərbə endirdi. Qadın səndələyib bir neçə addım durduğu yerdən kənara getsə də, lakin müvazinətini saxlayıb yerə dəymədi. Özündə təpər tapıb it yuvasından yapışdı. Tut ağacının yanındakı silahlılardan biri itin təpəsindən nişan aldı. Zavallı heyvan zingildəyib, çabalayıb, daha sonra dörd ayağının dördünü də özündən qabağa uzadıb qarın üstündəcə sərildi.
Payını almış saqqallı uşağa çatan kimi əl atıb onun paltosunu dartışdırdı. Düymələr onun zərbəsindən qopub, hərəsi bir tərəfə düşdü. Uşaq qışqırdı. Onunla birgə erməni də qışqırdı. Saqqallını qışqırdan dalbadal həyətə atılan güllələr idi. Erməni ildırım vurmuş şalban kimi şappıltı ilə üzü üstə yerə gəldi. Bayaq gəbərtdiyi, qanında çimib, dörd ayağının dördünü də özündən irəli uzadıb ölmüş iti istər-istəməz var gücü ilə qucaqlayıb bağrına basdı. Nənə dörd yaşlı qızcığazı it yuvasının üstünə qoyub, ağlamaqdan bağrı yarılmış böyük qıza tərfəf qaçdı. Onun qara bulaşmış paltosunu götürüb, bir dəfə çırpıb, uşağı geyindirdi.
Evin yanındakı cığırla qaçanlar ara-sıra:
– Əlif gəldi, Əlif gəldi! – deyib qışqırırdılar.
Əlif Ağdam cəbhəsində döyüşən hərbi təyyarə komandiri idi. Uzun müddət Kiyev hava qoşunlarına komandirlik etmişdi. Lakin Qarabağ müharibəsi başlayandan sonra vətənə qayıtmışdı. O, bu dağlarda böyüyüb, boya-başa çatmışdı. Türklər məhəlləsində – 1988-ci ildə Özbəkistandan qovulandan sonra Xocalıda məskunlaşmış məhsəti türklərinin saldığı məhəllədəki finski evdə yaşayırdı. Yaşayırdı deyəndə, ailəsini orda yerləşdirmişdi. Özü isə həmişə Ağdam cəbhəsində olurdu. Ermənilər onu özlərinin qənimi sayıb, başına külli miqdarda pul qoymuşdular. İndi Arturun dəstəsi onun adını eşitməmişdən, elə həyətə düşən birinci güllədən avtomatını sinəsinə sıxıb, qaçmağa üz qoydu.
Nənə yerdən yığdığı bir-iki qalın yun paltarı böyük qızın qucağına dürtüb:
– Gəl arxamca! – dedi.
O iri addımlarla yüyürüb həyət qapısından çıxsa da, lakin böyük qız qapı ağzından aşıb keçməyə cürət etmirdi.
Arturun yekəpər, çoxillik şalban tək uzun vücudu həyət qapısının kəndarında uzanıqlı qalmışdı. Uşaq duruxub gözü bərəli ona baxırdı. Nənə:
– Qorxma, tullan oradan! – dedi.
Uşaq özünü necə itirdisə, üstündən tullana bilməyib, ayağını onun sinəsinə qoyub qapıdan keçdi. Bu zaman onun canında qəribə bir gizilti vardı.
Səriyyə arvad, körpə çağa arxasında, ayağından yaralı qızcığaz qucağında və onun ətəyindən tutmuş böyük nəvəsi ilə birgə arxalarına baxmadan yol ilə ayaq yalın, baş açıq yuxarı Həsənlilər və Türklər məhəlləsindən gələnlərə qoşuldular. Onsuz arxasına baxsaydı da, ürəkaçan nə isə görmək mümkün deyildi. Arxada qalan hər şey artıq həyat əlamətini çoxdan itirmişdi. Ev yanır, kürəkəni ağacda sarılı, Xəzər neftinin təsirindən sürətlə yanmasından çoxdan şişə taxılmış ət tək bədəni kabab olub, odun artıqlığından hətta bir az da kömürə dönmüşdü. Ana və yanında iki gözü çıxarılmış qızı ilə birgə hər ikisinin bədəni indi qarla müqayisədə soyuqluqda bir-birlərinə bərabər idilər.
Qızcığazın yumru, balaca bəbəyindən qoparılmış gözləri payızda tam yetişib, zəif zərbədən suyu sıçrayıb, ətrafına qırmızı ləkələr salan quş üzümü kimi ağ qar üstündə qırmızı rəngin dövrəsində iki meyvə dənəsini xatırladırdı. Amma onlardan tam fərqli olaraq bu cüt nöqtələr yetişməmiş, qora vaxtı günəşin amansızlığı ilə vurub, yandırıb qovurduğu, alovu ilə qarsadığı möyüz salxımı kimi gərəksizləşib torpağa qarışacaqdı. Amma indi yox, baharda Xocalının qarı əriyəndə. İndi isə artıq tüstü bürümüş səmaya da baxa bilmirdi. Çünki aramsız yağan qar qara gözlərin üstünü yavaş-yavaş örtüb, baş açmadığı dünyaya məsum baxışlarla da olsa, baxmaq imkanı vermirdi.
3 Murad Günü, İşıq Ayı, 30-cu il. 3 may 2008-ci il, Stokholm.
Hiç yorum yok:
Yorum Gönder