21 Kasım 2010 Pazar

ZƏRDÜŞT ŞƏFİZADƏ



ZIRRAMA

                                               ( hekayə )

  1

 

Elin ağsaqqal bilinən qocalarından Piri kişi uzaqlaşmaqda olan ayaqyalın oğlana baxıb: “zırrama ki, zırrama...- dedi, başını yellədi və yolun qırağında, açıq hava altında stolları şahmatvari düzülmüş çayçıya tərəf döndü- çay ver ay uşaq...” Qoca stolların arasından keçərək ən yuxarıda, həmişəki yerində, çinarın altında oturdu.

Pərakəndə halda məktəbdən çıxıb itələşə- qaça, çantalarını evə daşıyan uşaqlar, bir anlıq dayandılar, sonra yolun çayçıyla üzbəüz tərəfinə yığıldılar və sözləşmiş kimi ağız- burunlarını əyərək kişini yamsıladılar: “zırrama..ama.. ki, zırrama..ma...  ça..çay ver ay uşşşşaqqq...” Sonra gülüşdülər. Hətta içlərindən bir neçə ürəklisi kişinin yerişini də təkrarlayaraq çayçıya daxil olmuşdu.

Kişi birdən ayağa durdu və onların üstünə şığıyaraq stolların arasından çıxdı və yolun qırağında dayandı: ”itdən əmələ gələnlər...” Yolun qırağında əli bir şeylər axtardı ki, gülüşərək qaçışan uşaqlara atsın, əlinə harda gəldi qarınlarını boşaldan inəklərin peyinlərindən başqa heç nə keçmədi. Son anda başa düşdü ki, əlinə almaq istədiyi peyindi, sifətini turşudub əlini yerdən çəkdi: “it quçiyləri...”- deyib çinarın altına qayıtdı.

 

2

“Qorxma, hər şey yaxşı olacaq...- ağ xalatlı, ağ gözlüklü həkim onu guya ki, sakitləşdirmək istəyirdi- sən axı sakit oğlansan, ağıllı oğlansan, mən bilirəm... indi bir az yoxlayacıq səni...”

“Sən məndən qorxursan- zırrama gülümsədi və dediklərini aramla təkrarladı- sən.. məndən... qorxursan...”

Həkim duruxdu. Tibb bacısı təəccüblə həkimə baxdı. Zırramanın bu sözündən sonra həkim bir az qorxurdu, özü də bilmirdi nədən qorxur. Qız onu bu vəziyyətdən qurtardı.

Qız zırramaya yaxınlaşdı: “Salam, necəsən?”

Zırrama gülümsədi, gözlərindəki kədər, gülümsəyəndə qıyılan gözlərindən daşıb yanağına, ordan da süzülüb dodaqlarına axdı. Zırrama dodaqlarını yaladı.

“Salam... yaxşıyam... sən də yaxşısan...- barmağını qızın gözlərinə uzatdı, sanki bu saat basıb gözlərini çıxardacaqdı- gözəl gözlərin var... mən bilirəm... onlar gözəldi... qara paltar  gözlərinə yaraşır... gəşəng paltardı...”

Qız özünü itirdi və əyninə baxdı. Qısa ağ xalatinin altindan çixan mavi donunun ətəkləri pəncərədən içəri girən küləyin əlində silkələnir, gah dizlərinə, gah ayaqlarına sıxılırdı. Zırrama isə onun gözlərinə baxırdı.

“Bu mavidi, sən rəngləri bilirsən?”

“Bilirəm, o mavidi, saçındakı yaşıl- qızın saçına bağladığı yaşıl bantı göstərdi- ancaq gözlərin bu gün qara don geyiblər, onlar gözəldi....”

Həkim mat-məəttəl gah qıza, gah da dəliyə baxırdı. Tibb bacısı asta addımlarla zırramadan uzaqlaşıb dıvara qısıldı. Həkim qıza yaxınlaşdı və pıçıldadı: ”Fikir vermə. Dəlidi...” Qız artıq ağlayırdı. “O dəli deyil, dünən nişanım qayıdıb. And içmişdim qara geyəcəm, anam durdu yolumun üstə, qoymadı...”

 

3

 

Yollar onun pəncələrinə sürtünüb ayağının altından keçirdilər. O dayanmışdı– yollar gedirdi. Yollar getdikcə sivri, küt və hamar üzlü daşlar müxtəlif tərəflərdən onun yalın daban və pəncələrinə dəyir, bəzən ağrıdır, bəzən də ağrıyan yerlərinə sanki dərman çəkirdi. Sonra yollar ayaqlarının altından çəmənlərə çevrilib keçir, sonra birdən ayağının altından keçən yollar tikanlı olurdu.

Yollar onun ayaqlarına sürtünüb getdikcə özləri ilə müxtəlif adamlar və mənzərələr gətirirdilər. İçində həmişə nələrsə satılan dükanlar, üst- üstə tikilmiş böyük evlər, evlərin həyətləri, qızıl güllər, eyvanda oturub onun yanından keçdiklərinə təəccüblənən adamlar... 

Yollar ayaqlarına sürtünüb müxtəlif istiqamətlərdə ondan uzaqlaşdıqca özü ilə gətirdiyi mənzərə və insanları da uzaqlaşdırırdı. Yol əşyaları onunla müxtəlif istiqamətlərdən, müxtəlif səslərdə və dillərdə danışır, ancaq eyni sözü deyirdi: “zırrama”. O artıq buna öyrəncəliydi.

Yolun üstə dayanıb yolla bərabər hərəkət edən, gah lap yanında, gah uzaqda, gah da elə evlərinin həyətlərində, eyvanlarında görünən adamlar yolun daşları kimi müxtəlif idilər. Onlar həmişə yola qoşulub onun yanından öz evləri və ailələri ilə keçəndə ona nə isə atırdılar: gah daş, gah da çörək.

Sonra ayağının altından keçib gedən yer yenə o mənzərələri, harasa uzaqlara aparır, ona qaranlıq, uçuq sökük evini gətirirdi...

 

4

 

Son bir neçə gündə yuxuları qarışmışdı. Yuxularında tanıdığı bütün adamlar dəli olmuş, onu dişləmək istəyirdilər. Bəziləri onu öpürdülər yuxuda, yanaqlarından, dodaqlarından. Bəzilər hətta barmaqlarını cütləyib onun gözlərini çıxarmağa çalışırdılar. Hamısı da o zırramadan sonra olmuşdu. Zırrama onun gözlərində heç kimin görmədiyi, bəlkə də görmək istəmədiyi balaca, qara donlu küskün qızı görmüşdü.

Nişanı qayıdan gündən özünü qara donlu küskün qız adlandırmışdı. Çünki daha heç kim onu almazdı, ən azından bu kənddən. Uzaqdan da gələn olsaydı, kəndin dil damağa qoymadan ondan danışan adamları gələnləri ürküdər, ayaqlarını burardılar. Ya da dul bir kişiyə alardılar onu, ya da xəstə birinə. Hətta evdəkilər də ondan üz çevirmişdilər, Suğra arvadın dediklərinə inanmışdılar.

Suğra arvadın suyu qurumuşdu, əri Müslümü evə yığa bilmirdi. Hirsini dedi- qoduyla, ev yıxmaqla çıxarırdı. Indi də növbə ona gəlmişdi.

 

5

 

Lampanın işığı axşam havasından sərinləmiş otağı həm isidir həm işıqlandırırdı. Hardasa uzaqlarda yağış yağır, külək onun ətrini açıq havadan içəri vururdu.

Suğra arvad qalxıb əsəblə pəncərəni bağladı.

“Qoy bir az keçsin. Ara sakitləşsin. Bir söz atacam Safraya, verəcək qızı. Sənə daha nə lazımdı? Onsuz da evdə qalacaq, qarıyacaq... uşaqlar da hərəsi bir yana dağılıb... evin işini aparar, cavandı..”

Samovarın üstündən çayniki götürüb stolun üstündəki stəkanlara çay süzdü. Stolun başında oturub bığlarını sığallayan kişi onun əl hərəkətlərini izləyirdi.

“Uşaq qoydun ki, gəlin demədin, qız demədin bezdirdin.. çıxıb getdilər şəhərə..”

“Üzü qara gəlsinlər, analarını atıb getdilər, üzü gora gəlsinlər...”

Kişi çayını qarşısına çekdi: “Günah iş görürsən, arvad, günah...”

“Bəs sən nə iş görürsən, dul arvadları saxlayırsan bütün ətraf kəndlərdə, balalarımın pulun səpirsən hər doqqazı qırığın həyətinə.”

“Balaların çıxıb gedib, neynirsən pulu...”-kişi çayı qurtumlayaraq gülümsədi.

“Gələcəklər, elə gələcəklər.. dizin dizin.. tələsmə... sən o pulları dağıtmasan hər kolun dibinə, içib zəqquma çevirməsən gələcəklər...”

“Mənim elədiyimin bir yanı savabdı... mən bilirəm neynirəm.. sən amma günah iş gördün... qızın barmağından üzüyü çəkdirdin....”

“Yaxşı elədim... az mazaqlaşardı balnisdə gədələrnən...- birdən arvad mövzunu dəyişdi- Mənim suyum quruyub, odum sönüb deyə....- ağlamağa başladı...- düşmüsən yollara..”

“Zorla verdirmişdin özünü mənə, on yaş məndən böyük ola- ola, yadından çıxıb? Mənim sərxoşluğumdan istifadə edib atıldın üstümə. Biabır elədin məni bütün kəndə. Bunun cəzasını nə vaxtsa çəkməliydin... eləmə arvad... günaha batma... o qızın nə günahı var axı..”

“Mən neynədim ki, rəfiqəyik o vaxtdan bəri Ümbülnən, deməyim gəlini olacaq qız gündə çəpər başında biriylədi? Gündə balnisdə bir kişinin eybini açıb qoyur qabağına... boynu qırılsın...”

“O qız doxturruq oxuyub da, neyləməlidi ki? Yadından çıxıb, sənə bir sistem iynə vurub, inşil, ayıbdı...”

Arvad bunları heç eşitimirdi: “Sən danışma, sən ayıbdan danışma. Bütün kənd bilir sənin gecə macəralarını...”

Arvad əsəbi hərəkətlərlə razetkasına mürəbbə tökdü. Ərinin mürəbbəyə uzanmış əlinisə havada qoydu. Mürəbbəqabını stolun digər hissəsinə itələdi.

“Arvad gedərəm gəlmərəm... gələrəm üzünə gülmərəm... başına çevirrəm dünyanı...”

“Vallah bir duaya qalıb, bağladaram ağzını, olovunu da söndürrəm.. Mollaxaam ölməyib aaa...”

Kişi ayağa durdu. Pencəyini götürdü.

“Hara gedirsən?”

“Ümbül gilə, iki kəlmə sözüm var ona, ordan da cəhənnəmə, get neynirsən elə...”

O qapını çırpanda arvad da armudu stəkanı stola çırpıb ağlamağa başladı.

 

6

 

Azan səsi qulaqlarında sallandı, sallandı durdu. Ayaqlarına sürüşüb gedən yollar indi də onu gətirmişdilər və o bütün səslərin ən böyüyüydü. Bir anlıq azan səsinin içində həmişəki sözü eşitdi, elə bil ona “zırrama” dedilər. Azan verənin bir gözü ondaydı.

Məscidi yollar hələ tam uzaqlaşdrmamışdı ki, çayçı gəldi ətrafına. Çayçıda oturanların arasında Molla Əsəd də vardı. Arxası yola oturmuş halda olsa da ağzında nə isə bərk çeynəyirdi.

Yollar bir anlıq ayaqlarının altında dayandı, çayçı fırlanıb önünə keçdi. Dedi: ”Əsəd dayı, ay Molla Əsəd dayı...”

Əsəd kişi əlində növbəti peçenye cəld çevrildi. Onu görüb qəribə baxışlarla baxdı ona: “Nə var ə zırrama?”

“Səni çağırırlar...”

“Kim çağırır? ”- Molla Əsəd ayağa qalxaraq soruşdu.

Yollar artıq çayçını ondan uzaqlaşdırsa da əli ilə Molla Əsədə minarəni göstərə bildi. “Bax o çağırır, səni çağırır, get gör neyləmisən, səni axtarırlar yenə...”

 

7

 

Pəncərədən onu görəndə dayana bilmədi. Xalatını əyinindən çıxardaraq xəstəxananın həyətinə düşdü.

Pilləkənləri elə sürətlə düşmüşdü ki, arxasınca səslənən həkimin səsini belə eşitməmişdi. Elə indi həkimin pəncərədə dayanıb onlara baxdığından da xəbəri yoxdu. Bircə dəfə də olsun arxaya dönsəydi pəncərədən onlara baxıb başını yellədən həkimi görərdi.

Zırrama sakit nəzərlələ ona baxırdı. Yalın ayaqlarının toz- torpaqdan qaralmış barmaqlarını tərpədir, yerində qurcunurdu. Ancaq düz onun gözlərinə baxırdı.

“Necəsən?”- soruşdu tibb bacısı.

“Yaxşıyam... sən də yaxşısan... o da yaxşıdı...” - əlini göyə uzatdı.

“O kimdi?”

“Sarı donlu adam...”

Qızın tükləri biz- biz oldu.

“Kimdi ki o?”

Zırrama sirr verilmiş kimi bir az yaxına gəldi. Sakitcə pıçıldadı:

“Allah...”

“Onun sarı donu var?”

“Hə.. sapsarı, belə böyük, başdan ayağa...”

“Sən görmüsən?”

“Hə,  göstərim?”

Qızı əsmə tutdu. Ürəyi döyünürdü.

“Göstər...”

Gəl deyə tutdu qızın əlindən. Qız əlini çəkdi.

“Gəl qorxma... o yaxşı Allahdı... o qızları sevir..”

Onlar xəstəxanın arxasından üzü çaya gedəndə həkim bir neçə tibb bacısıyla binanın arxa qapısından çıxaraq, onlara baxırdı. Çayı keçəndə qız onları gördü. Həkimin dediyi sözləri də eşitdi.

Zırrama bircə anlıq da olsa başını çevirib ona baxsaydı qızın necə ciddi- cəhdlə ağlamamağa çalışdığını görərdi bəlkə də, bəlkə də görməzdi. Zırrama ki, zırrama, tamam başqa aləmdəydi.

Çayı keçib meşəyə çıxanda qız möcüzə gözlər kimi göylərə baxırdı. Göylər buludsuz və aydın, günəş sapsarı çiçək kimi üfüqə yaxın dayanmışdı.

O isə kolluqda eşələndi, axtardı və birdən: “tapdım- dedi -tapdım...o hələ getməyib, burdadı...”

O kolluqdan balaca bir gəlincik çıxardı. Sarı, uzun donlu gəlinciyin donu qara- qura ləkələrlə örtülmüş, sifəti qaralmışdı.

“Bu  nədi?”- qızı gülmək tutdu.

“Mənimdi...”- zırrama fəxrlə dedi.

“Sən bunla oynayırsan?”

“Yox, o mənlə oynayır...”

“Adı nədi...”

“Sara...”

 “Bəs Allah hanı...?”- qız soruşdu və birdən başa düşdü.

O iki əli ilə gəlinciyi özündən yuxarı qaldırdı. Sarı donlu gəlincik üstündəki qara ləkələrdən çox pis vəziyyətə qalsa da günəş işığında parıldayır, onun sifətinə sarı rəng salırdı. O isə bundan vəcdə gəlir, gəlinciyi aşağı- yuxarı tərpədərək sanki işığı sifətinə daha çox salmaq, onu içmək istəyirdi.

Sonra fırlanmağa başladı, gəlinciyi başının üstünə qaldıraraq fırlandı, fırlandıqca güldü, güldükcə fırlandı. O fırlandıqca qız da ona baxıb gülür, güldükcə daha bərkdən və ürəkdən gülməyi gəlirdi. Qız hələ insanın bu dərəcədə xoşbəxt ola biləcəyini bilmirdi və görməmişdi.

Zırrama gülə-gülə, səsini meşəyə sala-sala fırlanırdı. Fırlandı, fırlandı və birdən özündən getdi, yıxıldı.

 

8

 

“Sən Allah, səs küyü gördüz, utanmırlar da...”

“Ayıb olsun, ayıb, qızı bildik, zırrama da olsa mən o gədədən bunu gözləmirdim...”

“Sonra da deyirlər dəlidi, nəyi dəlidi onun...”

“Hə,  neylədiniyini yaxşı bilir...”

“Dəlidə zövqə bax. Bilir ki, artıq ona heç kim heç nə deməyəcək. Nişanı qayıtmış qızdı..”

“Heyif oldu gül kimi qız...”

“Arvadın dediyi düz çıxdı... Deyirdi inanmırdıq...”

“Molla Əsəd gəlir...”

Molla qoltuğunun altında qəzetdən bağlama adamların arasından keçib həmişəki yerində oturdu. Qəzetin arasından bir peçenye çıxardıb yeməyə başladı. “ çay ver, ay gədə..”

Hamı ondan nə isə gözləyirdi.

”Ya birinin kəbininə girsin, ya da rədd olsun bu kənddən.. zatı qırıq...”

“Kim?”

“Elə ikisi də..”

Çayçıda oturanlardan biri onu müdafiə etmək istədi: “Bəlkə yenə yalandı.. axı o zırrama neynər ona? O ki, ağıllı başlı qızdı.. Bəlkə biz böhtan atırıq... Mən o qızla bir sinifdə oxumuşam...”

“Xoşun gəlir get al... kor kor, gör gör... o dey, hamı tamşaya baxan kimi baxır onlara... meşəyə getdilər, neynillər sən deyirsən orda, göbələk yığmağa getməyiblər a ora...”

Bayaqdan sakit dayanıb söhbətlərə qulaq asan və tez-tez çayını qurtumalayan Piri kişi molladan soruşdu: “Adam öldürmək günah deyil, ay Molla?”

“Baxır kimi...- dedi Molla Əsəd, ağzında peçenyesini kırtıldada-kırtıldada, bir gözünü isə ağacların arasından gələn birinə zilləmişdi- məsələn, kafirin qanı halaldı...”

“Onda yazıq oldu o yetim...”- Piri kişi bunu demişdi ki, hamı kişinin niyə bu sualı verdiyini anladı. Qapının ağzında dayanmış əli tüfəngli biri soruşdu:

“Hara getdilər deyirsən?”

 

9

 

“Özünə gəl... Noldu sənə...”- qız onu ayıltmağa çalışırdı. Bayaqdan bəri bir neçə dəfə çaya tərəf qaçmış, ovucunda su gətirməyə çalışmışdı, ancaq bir neçə damcı gətirmişdi hər dəfə. Sonra birdən ağlına gəldi, dəsmalını isladıb gətirdi, onun sifətinə sıxdı, boynunu sildi.

Zırrama gözlərini açdı. Gülümsədi. Dəsmalı onun əlindən alıb səylə üz-gözünə çəkməyə başladı. Ancaq gözü ondaydı- qız hiss edirdi ki, o bunu anasının xoşuna gəlməyə çalışan uşaqlar kimi onun üçün edir.

Sonra dəsmalı yavaş-yavaş burnuna yaxınlaşdırdı, dərindən nəfəs aldı, dəsmalın ətrini hiss etmək istəyirdi. Gözünü onun gözlərindən çəkmirdi.

Qız qızardı. Üzünü çevirib ayağa durdu və çayın o biri üzünə yığışmış insanları gördü. Onlardan biri irəli çıxanda işin nə yerdə olduğunu anladı.

Zırrama yenə əlindəki kuklanı göyə qaldırıb, işığa tutmaq və fırlanmaq istəyirdi. “Gəl dalımca, tez gəl..-  dedisə də xeyri olmadı-  gəl deyirəm sənə...”- deyə qolundan tutub onu dartdı.

“Nolub axı?”

“Qaç, qaç...”- qız artıq onu da arxası ilə sürüyərək qaçırdı.

Güllə səsi eşidildi və mərmi sanki qulaqlarının dibində vızıldadı. Güllənin səsindən sonra artıq zırrama da qaçırdı.

Ikinci güllə açılanda onlar ağaclığa çatmışdılar və qaça- qaça meşənin içərisinə dalırdılar. Arxadansa bir neçə kişinin önündə qızın qardaşı gəlirdi- əli tüfəngli.

Qaça- qaça zırrama balaca uşaqlar kimi suallar verirdi:

“Nolub axı? Onlar kimi vururlar?”

“Səni...”

“Mən onlara neyləmişəm ki? Hə? Mən neyləmişəm?- dedib zırrama dayandı, -qoy gedim soruşum...”

“Hara gedirsən. Gicbəsər- deyib qız onun yaxasından dartı, gözlərinin içinə baxdı- alacaqlar oyuncağını əlindən...”

Qız bunu dedikdən sonra onun sifətində əmələ gələn ifadəni görüb özü də qorxdu: sanki onun sifəti vəhşi bir heyvanın sifətinə dönürdü və bu heyvan bu saat hər şeyi parçalamağa hazırdı.

Zırrama üzünü çevirib çay qırağından gələn səsə qulaq verir, adamarın hay-küylü səsini eşitdikcə daha da dişlərini qıcayırdı.

“Gəl... gəl getdik... Daha qayıtmaq olmaz...- qız cəsarətlənərək yapışdı onun qolundan. -Gəl, axşam düşməmiş dağı aşaq o üzə...”

“Biz hara gedirik?... Bəs mənim kəndim?”

Qız güldü: “sənin kəndin? O heç vaxt sənin olmayıb, heç mənim də.. o onlarındı...- başıyla kəndə tərəf işarə elədi- gəl, gəl getdik...”

 

10

 

Gün doğanda onlar dağın zirvəsində yanaşı dayanmışdılar. Bir anlıq qıza elə gəldi ki, onların dağın başına çıxdıqlarını eşidən gün təəccüb dolu nəzərlərlə onlara baxmağa gəlib.

Zırrama sarı donlu gəliciyini qaldırdı göyə. Fırlanmaq istədi. “Yenə ürəyi gedib yıxılacaq”- deyə düşündü qız, onu dayandırdı və dağın o biri üzünə enən yolu göstərdi. “Burdan yol var...- dedi qız...- düz şəhərə gedir... “

Zırrama çevrilib o göstərən tərəfə baxdı. Gəlinciyini yuxarı qaldırdı. Işıq arxadan vururdu. Gəlinciyindən üstünə sarı şəfəqlər tökülmürdü və o fırlanaraq o işığı axtardı. Durdu. Indi yenicə doğmuş günəşin şəfəqləri düz üzünə vururdu. Gəlincik sapsarı işıq donu geyinmişdi sanki.

“Yox- dedi zırrama- bizə belə lazımdı...”

Onlar gəlinciyin günəşdən saralan işığına getdilər. Getdikcə günəş yerini, onlar da istiqamətlərini dəyişdilər. Çünki, zırrama ancaq günəşə tərəf gedirdi, elə gedirdi ki, sarı donlu gəlinciyi həmişə öndə, başının üstündə işıq saçsın.

Hiç yorum yok:

Yorum Gönder