
BAXTIM ƏL ÜSTÜNDƏDİ
Paylamışam ömrümü
Ürəklərə söz kimi.
Saxlamadım sirrimi
Ocaq altda köz kimi...
Yeyib insan ətindən
Çıxımmı bu çətindən?
Qəmin hərarətindən
Əriyirəm buz kimi.
Sözüm dil üstündədi,
Közüm kül üstündədi.
Baxtım əl üstündədi,
Naz eləyir qız kimi.
Əzizim, üzük ola,
Dayandım üzü yola.
Olsam da üzüyola,
Qaralıram üz kimi.
NECƏ VARAM, ELƏ QALIM
Bu sevincdi, o kədərdi,
Malı mala qatma belə.
Gecə yanan şam ömrümü,
Gündüz küncə atma belə.
Allah, özün güldür məni,
Göy üzünə qaldır məni.
Ya yaşat, ya öldür məni,
Başına fırlatma belə.
Sığındım məhəbbətinə,
Salma məni bu çətinə.
Dünyanı su qiymətinə
Hər nadana satma belə.
Bir əl saxla, aman elə,
Çörəyimi yavan elə.
Ruhən məni cavan elə,
Vədəsiz qocaltma belə.
El oğluyam, elə qalım,
Vermə məni ələ, qalım.
Necə varam, elə qalım,
Alçaltma, ucaltma məni.
TƏRƏZİYƏ QOY SÖZÜMÜ
Çağır məni bu sevdaya
Səsinlə, zildən yuxarı...
Dövlət dedim – dəvə dedim,
Getmədi fildən yuxarı.
Düşdüm baxtımın canına,
Yetişmədim ünvanına.
Tanrı, məni öz yanına
Qaldır qəfildən yuxarı.
İstəsən tut toy sözümə,
İstəyirsən soy sözümü.
Tərəziyə qoy sözümü,
Qalxacaq güldən yuxarı.
YER ÜZÜNDƏN QOPAR MƏNİ
Ömür boyu kölən olum,
Qoy sürünən kölgən olum.
Həsrətinə yelkən olum,
Uzaqlara apar məni.
Tənha, kimsəsiz adayam,
İntizarın bir adıyam.
Mən göylərin adamıyam,
Yer üzündən qopar məni.
Həyat sehirli aynadı,
İnsanla oyun oynadı.
Bu dərd elə boyumadı,
Hara getsəm tapar məni.
Hiç yorum yok:
Yorum Gönder