21 Kasım 2010 Pazar

ƏSƏD QARAQAPLAN


SƏN MƏNI BAŞA DÜŞMƏZSƏN.. BƏY

 

sən məni başa düşməzsən.. bəy

mən bir az kefli

bir az dərdli

bir az şənəm

lənətlənmiş bir evin cocuğu

tərk edilmiş bir ürəyin sahibiyəm..

 

varlığımı çoxu sevməz

baxışımdan gülüş qonmaz qadınların sifətinə

qarşımda kişilərin ürəyinin əsməyi var..

bütün bunlara rəğmən

ən müqəddəs adamın da unutduğu mənəm mən..

 

sən məni başa düşməzsən.. bəy

mən kefdən içirəm

mən dərddən içirəm

mən sadəcə içirəm

 

bir dostum vardı

dəliqanlı.. söz götürməz

sözlə nəfəs alardı..

bir dəfə unutmuşduq gecənin yarısını

baş-başa verib üsyan etmək istəmişdik

insanların bizə haqsızlığına..

əlimiz yalın cibimizsə boş idi

ayağımız torpaqdaydı Allahın göyü altda..

 

..dostum çıxıb getdiyində sağ ol belə demədi

gecələr tən ortadan yarıldı başım üstə

üsyan etdim bu gedişin sükutuna

səs nəfəsimi kəsdi

söz doğradı dilimi

tüpürdüm insanlara dostumun gedişində..

 

sən məni başa düşməzsən.. bəy

əliyalın, cibiboş insanların üsyana qalxmağını

üsyan.. üsyan belə sevməz

tən ortadan yarılan gecələrin

bir üzü üstünə aşar

insanların haqsızlığı sənin içindən keçər..

sənin içini deşər

başıboş cibidolu əlisilahlı yaratıq..

üzünə gülümsəyən canını almağa hazır

qarşında ağlayansa başını kəsər arxadan..

 

sən məni başa düşməzsən.. bəy

bir az daha kefdən içmək

bir az daha dərddən içmək

bir az daha içmək.. içmək..

 

..yox.. mən daha ayıldım

gözlə görünən.. əllə tutulan hər şeydən..

daha gündüzlər günəş olmur başım üstə..

daha lampa işığında oturmuram gecələr..

daha əllərim bir qadının

saçlarına.. yanağına.. bədəninə toxunmur..

daha qəzəblə yürümürəm

bu şəhərin leş qoxan küçələrin..

daha vecimə almıram insanların leş içlərin

daha.. daha.. daha..

sən məni başa düşməzsən.. bəy..

 

..şeir belə anlada bilməyəndə

içimin yanğısını

göz yaşlarım quruyanda bəbəyimin içində..

parçalanmış bir içlə

dolaşanda insanların arasında

bir adam tapmayanda ölmünə ağlayasan

sən məni başa düşməzsən.. bəy..

 

sən məni başa düşməzsən.. bəy

mən bir az kefdən içmirəm

mən bir az dərddən içmirəm

mən bir az içmirəm.. bir az içmirəm..

 

sən məni başa düşməzsən.. bəy

boş ver bir az

bu şüşədən sonra

bu gecədən sonra

bu heç nəyin.. heç kəsin olmayan küçədən sonra

boş ver bir az

 

gəl bir az kefdən içək

gəl bir az dərddən içək

içək.. içək

qədəhini qaldır sadəcə içək..

sən məni başa düşməzsən.. bəy..

 

 YALNIZ QARANLIQLARA

 

Dərin yuxuya dalmış ayrılıq gecəsiyəm

İnsanlardan xəbərsiz mən bir can küçəsiyəm

Bu gecə bu küçəni gəlib də keçəsiyəm

Yalnız qaranlıqlara.. yalnız qaranlıqlara..

 

Öldüm, artıq cəsədəm, yerdən götürür məni

Bu küçədən bu gecə gəlib ötürür məni

Bu gecə öz əlindən salıb itirir məni

Yalnız qaranlıqlara.. yalnız qaranlıqlara..

 

Çiyinlərinə enib gedirəm, sürünmürəm

Bu gecə bu küçədə işığa bürünmürəm

İlk dəfə baş əyirəm.. əyirəm, görünmürəm

Yalnız qaranlıqlara.. yalnız qaranlıqlara..

 

ANTI-DEPRESSIYA

 

bir dəli adamın yaşantısından betər

bir bilgin adamın yaşantısından ötə

əli-ayağı əsən

beyni dumanlı bir gənc

ətrafı iyrənc

tutunacaq son yeri əllərini doğramış

gedəcək son yolunu Yaradana bağlamış

bir ölüm gözləyir ki, özündən böyük ölüm

bir yaşam gözləyir ki, kimsə verməz min il də

həyatın dibi geniş, həyatın dibi işıq

həyatın üstü bulud, həyatın üstü dardı

nə bir yaxın əzabı, nə bir uzaq sevdası

qollarını bağlamaz

yollarından saxlamaz

bir uçurumun dibinə atılıb Xilas olan

bir qəddar ürəklidi göz görəsi hər şeyə

..gecə yarı oyanıb çıxar sakit eşiyə

nə bir səs tutar onu, nə işıqda kölgəsi

öz içində bağırar, öz içindədi səsi

həyat belə nə gözəl, həyat belə nə rahat

bir günəşdən yoxsulsa yenə gözəldi həyat

durub baxar üzünə tərs göztərən aynada

durub qırar aynanı tək qalar aynadan da

..itlərin hürüşməsi, nə xoruz banlaması

nə bir yaxın düyünü, nə bir qəribin yası

ürəyinə toxunmaz

ona başqa avazda Quran belə oxunmaz

səs gələr ürəyinə, qulaqları tutular

səsi çəkər içinə, səssizlikdə oturar

bir siqara alışar, duman çıxar başından

milyon ildi yol gəlir iyirmi beş yaşından

içər-içər özündən çox balaca camları

özündən uzaq edər balaca adamları

söyər-söyər özünü, lənətləyər özünü

döyər-döyər özünü, bir də döyər özünü

həyatı başqan xarab, həyatı qəlbi açıq

həyat adamlarıyla adi, sadə, yarımçıq

bir qəzəb sevdasına tutulmuşsa ürəyi

eh bundan sonra onun kim olacaq köməyi

Allahmı göydən baxır, günəşmi göydən çıxır

bəs bu gecə yarısı kim onu yerdən sıxır..

bəs bu kimin əlidi yapışıb yaxasından

bəs onu kim oyadıb bu gecə yuxusundan..

kim çəkib gözlərinə qaranlıq pərdəsini

niyə kimsə eşitmir içindəki səsini..

yoxsa hər kəs öldümü, yoxsa kimsə qalmayıb

yoxsa özü olmayıb, özü adam olmayıb..

bəs bu insan əzabı, bəs bu gecə kimindi

bu xaraba məmləkət, bu xaraba şəhər-kənd

bəs bu küçə kimindi..

..dəlimi oldum, Allah, adam olmadımmı heç

keç günahımdan, Allah, keç, adamlığımdan keç..

Hiç yorum yok:

Yorum Gönder