
ÜZÜYOLA ŞAİR
O, hamıya şeir yazdı təmannasız, məqsədsiz
heç kimin sözünü yerə salmadı
heç kimə şeir borcu qalmadı
misralara çevirdi məhəbbətini
Ürəyinə yük olan dərdini məhəbbətini,
salamı da şeirlə verdi, şeirlə aldı
fikrə də şeirlə getdi, xəyala da şeirlə daldı
Yasa başsağlığını,
toya təbrikini şeirlə dedi
qardaşdı şər xeyirlə dedi
O, hamıya şeir yazdı, xərclədi ilhamını sola-sağa
neçə-neçə təpəni döndərdi dağa
Beləcə gəlib çıxdı ömrün ölüm adlı sərt qışına
Rəhmətliyin bir misra şeiri də qalmadı ki
yazsınlar başdaşına
KİSƏDİBİ, KİSƏDİBİ
Bütün arzularımı, ümidlərimi
xərclədim bu şəhərdə
baxmadım metro jetonlarının qırmızısına,göyünə
Yorğun addımlarımı xərclədim
küçələrin gümrah sonsuzluğunda
Uzun -uzadı telefon danışıqlarında
xərclədim neçə - nəçə sözümü
kasıbın ürəyi açıq olar
xərclədim bu şəhərdə özümü
...İkicə kəlmə söz saxlamışam qaragünə
Dəmiryolu vagzalının 13-cü kassasındakı qadınçün
MENYU
Kəklikotu, itburnu, qarışıqlı
xoruzquyruğu çay
mal başayağı, toyuq budu, qoyun ətinin ləziz dadı
cızbız , yağda qovrulmuş ciyər'
Hisə verilmiş balıq, dana basdırması
və daha nələr
...BİR SÖZLƏ BAŞ YARAN ALVER
hər şeyi yaddan çıxaran kef çəkilən yer...
...min-min müştərinin bir andaca
yerinə yetirilən arzu, diləyi
Və bir də illərdi mətbəxin bir küncündə asılan
heç kimin yeyə bilmədiyi QURD ÜRƏYİ
Hiç yorum yok:
Yorum Gönder