21 Kasım 2010 Pazar

KƏBUTƏR



DİLÇƏK

  Mənim dilçəyim yoxdu. Necə olubsa dilçəyimin olmadığı anamın da nəzərindən qaçıb. Elə bilirəm bunu anadan olan kimi bilsəydi, məni doğum evində qoyub çıxardı, ya da  gecənin birində boğub öldürərdi.  Dil açanda baxıblar ki, danışmaq əvəzinə ulartıya, hürüşə oxşar səslər çıxarıram.Danışa bilmirəm deyə  sevdiyim qıza da yaxınlaşmağa qorxuram. Eh, yaza da bilərəm. Bəs sonra? Ürəyimdən keçənləri ona necə pıçıldaya bilərəm. Ömrü boyu ürəyimdə danışmaqdan ürəyim şişib. Elə gözəl səsim var ki. Bütün günü ürəyimdə oxuyuram. Ay Allah, kaş danışa biləydim. Az qalıram partlayım. Belə iş olar, asta danışırsan, başa düşmürlər, bərkdən danışırsan, başlayırsan hürməyə. Ta  anqırası deyiləm ha. Hərdən nobata-zada gedəndə prob eleyirəm.  Elə bil qonşu Alıgilin boz eşşəyidi.  Özüm də  Alı dayının eşşəyi kimi bom-bozam. Hələ yaxşı ki, məni uşaq vaxtı görməmisiniz. Adımı kirpi qoymuşdular. Elə sarıydım- deyirdin yumurtadan çıxmışam. Sarı da yox e, belə əndirabadi rəngdə. Hər dəfə məktəbə gedəndə deyirdilər eşitmişik  atan səni sirkə satıb. Ay canım, belə iş olar? Dabanbasma evə yüyürürdüm. Onsuz da danışa bilmirəm, bir tərəfdən də ağlamaq imkan vermir, qalmışam ulaya-ulaya. Məni sakitləşdirib nə baş verdiyindən hali olanacan da gecə yarıdan keçirdi. Anam gülüb məni qucaqlayırdı, atam da “dəyyus, get öl yerində, sirk səni neynir, elə alan olsa, ode, Pösərəyin lümək oğlunu alar də” deyib qulağımın dibindən birin ilişdirib yatmağa gedirdi. Sonra da qəzəbnən anamı səsləyirdi ki, o da gedib öz yerində ölsün, ta  az qalıb səhər açıla.

Səhər açılanda qorxa-qorxa çantamı götürüb qoyun-quzu dalıyca örüşə, ordan da məktəbə gedirdim. Gözüm Pösərəyin lümək oğlunu axtarırdı. Elə bilirdim  atamın sözündən sonra hökmən onun dalınca gələcəklər. Sonra birdən məni də istədilər? Atam yəqin verərdi. Onsuz da məndən zəhləsi gedirdi. Böyük qardaşım bəsləriydi də. Caydaq, həm  də gözəl. Paltarın  təzəsi onun, yeməyin yaxşısı onun. Toya o gedirdi, gəzməyə onu aparırdılar. Əclaf, ağzımı açan kimi  başlayırdı hürüb məni cırnatmağa. Danışa bilmədiyimdən  cavabını verə bilmirdim. Üstünə qışqıranda   mənə qoşulub ulayırdı.  Hərdən ənkirrəyib canın alırdım. Sabahı gün yenə elədiyin eləyirdi. Zəhləm gedirdi ondan. Ona bir şey olan kimi sevindiyimdən atılıb-düşürdüm. Mənim elə gülüşüm var  kişmişi. Anam deyəndə eşitmişəm. Yazıq arvad, elə hey deyirdi  nə olardı danışığı da gülüşü kimi şirin olsaydı. Qardaşım ən çox gülüşümdən hirslənirdi. Özü də əməziyin biriydi. Bütün günü ya yıxılıb qıçını əzirdi, ya əl-ayağını qançır edirdilər. Mən də  gül ki, güləsən. Elə heylə əməzik idi deyin, vurub gözünü çıxartdılar. Kişinin oğlu dostlarıyla dava-dava oynayan çıxmışdı. Onlar da quşatanla daranq birini qoyumuşdular gözünnən. Kənddə bir səs-küy vardı gəl  görəsən. Vuran varlı adamın oğluydu. Bizə bir az görüm baxım elədilər. Atam  deməsə də bilirdim ki, tövlədəki dananı onlar gətirib. Kələboyunun biriydi.  Bəxtimdən kişi  onu örüşə-zada buraxmırdı. Kim idi onun dalınca düşüb gəzən. Qayıdıb adamı alardı ayağının altına. Çox elə vərəzan gündəydim, qalmışdı dana çığnamağı. Qardaşımın gözü sifətindən üzü aşağı axıb tökülmüşdü. O qədər kinolarda elə səhnələr görmüşdüm ki. Onun üzündə kinolardakı kimi qan-zad yox idi, iyrənc bir şey sifətinə yayılmışdı. Anam başına döyüb ağlayırdı. Ürəyimdə sevinirdim. Allaha qurban olum. Bütün günü məni təpə-qarama eləmişdin.

Qardaşım xəstəxanadan tez çıxdı. Həkim demişdi  müalicəlik bir şey yoxdu. Ta toylar, gəzməklər yığışmışdı. Kəndin içinə də az-az çıxırdı. Büzüşüb armud qaxına dönmüşdü.  Ağzımı açan kimi səksənib üzümə baxırdı. Bilirdim, onu ələ salıb güləcəyimdən qorxur. Bir dəfə küçədə uşaqların hansısa kor demişdi, az qala bütün yayı evdən çölə çıxmadı. İşi gücü tək gözüynən kitab oxumaq idi. Anam özünü öldürürdü ki, həkim hələ oxumağa icazə vermir, o gözünü də kor edib məni yaman günə qoyacaqsan. Yox, deyirdi, məktəbi bitirən kimi çıxıb gedəcəm istituta. Ta buralara gəlib eləmiyəcəm. Allahın işinə bax də. Kor olasan, yenə inadından əl çəkməyəsən. Həmişə deyirdi  mən böyük məktəblərdə oxuyacam, şəhərdə evim olacaq, sən kənddə qalıb  mənə mal-heyvan saxlayacaqsan. Elə deyəndə cinim çıxırdı. Yoxsa bu kor yenə də elə bilir  mən ona nökərçilik edəcəm. Allah vurmuşdu. Korun biri olasan, mən də sənə hambalçılıq edəm? Mən ürəyimdən keçənləri ona açıq aydın dedim. Dedim   sənə mal-zad otarmayacam. Sən də heç o tay gözünlə məktəb qurtarıb şəhərə gedə bilməyəcəksən. Məktəbi qurtarana qədər  salamat  gözün də tutulacaq. Evləri kəndin o başında olan Xanı kişi kimi əllərini divarlara sürtə-sürtə su başına gedəcəksən. Ayaqyolunun qapısını tapmadığından eləcə həyətin ortasındaca oturub işini görəcəksən. Kəndin yolnan keçən uşaqları da səni tuman-paça görüb lağa qoyub güləcəklər, cırnatmaq üçün daş atacaqlar. Atamla anam öləndən sonra  səni aparıb şəhərdəki  əlillər evinə verəcəm. Əlillər evini televizorda görmüşdüm. Deyəsən qardaşım dediklərimə inanmışdı. Mən onunla dava edən günün axşamı özünü  asdı.

Hiç yorum yok:

Yorum Gönder