
DÜYÜNLƏR
Düyünlərdən ibarətdir bu dünya...
Yer torpağın düyünündən,
Hava isə qazların.
Okeanlar dənizlərin,
Millətlər insanların.
İnsanlar,
allahın yaratdığı,
bir neçə möcüzənin
düyünündən.
Beyin – hüceyrələrin,
Ürək – damarların
düyünündən.
Həyat – xeyirlə şərin,
Dünya – bütün bəşərin
düyünündən ibarətdir.
Bütün dediklərimi,
Fikir düyünündə birləşdirib,
Rəbbin iradəsinə “şükür!” deməmək
qəbahətdir.
mart 2006
Əmrim oldu gözəlim, varlığımla səninəm,
Özümü sənə verdim, başqa fərman istəmə!
Südəmər eşqimizi gəl, yetim eyləməyək,
Bu fikrə düşmüsənsə, məndən “aman” istəmə!
Gəlişini ay sonam, indi də gözləyirəm,
Dadıma bu gün yetiş, qeyri-zaman istəmə!
Sən gələrsən,ömrümə günəş doğar, gün çıxar,
Sevdamıza noolar çisgin - duman istəmə!
Qapımı döysən əgər, canımı verrəm sənə,
Olan - qalanım odur, özgə qurban istəmə!
TƏBRİZDƏN BİR SƏS GƏLİR
Təbrizdən bir səs gəlir -
Bir qəlbin döyüntüsü...
Səhəndin hıçqırtısı,
Azərin hönkürtüsü.
Təbrizdən bir səs gəlir -
Həsrət dolu uca səs!
Göz yaşımı udmağa,
Arazda yoxdur həvəs.
Təbrizdən bir səs gəlir -
Bir gözəlin naləsi.
Hicrana əsir olub,
Bəxtimin bir danəsi.
Təbrizdən bir səs gəlir...
Xülyam yarla görüşür.
Baxışlarım o tayda,
Qayalarla öpüşür.
...Ulu tanrım, kömək ol,
Ayrılığın önün kəs!
Varlığımı titrədir,
Təbrizimdən gələn səs!
2003
GƏTİR GƏL
İstəmirəm, çeşid-çeşid cehizlər,
İstəmirəm, nə kürsülər,nə mizlər,
Bir halallıq ruhumuzu təmizlər,
Halal payı, qismətini gətir, gəl!
Biz həyatı yaşar olduq kələksiz,
İnsan oğlu olmaz arzu - diləksiz,
Gülüstan da gülsüzləşər əməksiz,
Nəsillərin zəhmətini gətir, gəl!
Kimsə sevməz gizli işi – xəlvəti,
Addımında inamlı ol, həm qəti,
Qeyrətidir hər insanın sərvəti,
O füsünkar sərvətini gətir, gəl!
Olma tez inciyən, olma küsəyən,
Dilə yaradannan, hər nə dilərsən,
Vasifin yanında olmayanda sən,
Çəkmək üçün xiffətini gətir, gəl!
2006
* * *
Metro bir şəhərdir,
Qatarlar küçə.
Oturacaqlar
o küçədə yerləşən,
sərgi salonu.
Oturan qadınlar rəsm,
Ayaq üstə duran kişilər –
seyrçidirlər.
Hiç yorum yok:
Yorum Gönder