
EŞQİM
Kölgəsi özündən böyük,
Köləsi özündən yazıq, eşqim!
Yeni adət deyil ki, ayrılıq,
alışarsan.
Bilmirəm kim itirdi səni,
mən tapdım.
Getdi,
Kiçildi,
Əridi,
yox oldu o boyda
Apardı
Səni,
Məni
Bizi.
Doldurduq vaqonlara ayrılıqları,
Çətin taparıq bir-birimizi.
Bəlkə mən baxmasaydım ardınca
Belə sürətlə getməyəcəkdi.
Sən olmasaydın içində.
Kamına yetməyəcəkdi,
O
Necə darıxmışam
Indidən sənsiz.
Zamanın üzünü necə çevirim?
Elə bilməsin ki, o zalım
Olacaq bu imiş,
bitdi,
qurtardı.
Elə bilməsin ki bu gedişiylə,
Məni sənsiz qoydu,
mənsiz apardı.
HEÇ BÖYÜMƏMISƏN
Görüşə gəlmisən keçmisinlə
əllərində bir qucaq süni umid çələngi,
gözlərində cavabını
tək özün bildiyin suallar,
dilində
yalanlarını isbat edən andlar.
daha nə deyim
yenə o sənsən.
Hisslərin kirayə paltarın kimi
Hələ də ruhuna boyuk gəlir.
Heç boyuməmisən.
BİLMİRƏM
Ürəyimlə sual-cavab,
Günboyu söhbət edirəm.
Özümləyəmmi,səninləyəmmi?
Bilmirəm.
Düşündüklərimi deyil,
məcbur olanı deyirəm.
Mən beləyəmmi?
Bilmirəm.
Bir sən varsan,yanımdasan.
Mən də sənin yanındayam.
Qəlbindəyəmmi?
Bilmirəm.
DÖNMƏ
Dönmə, dön desəm belə
Qoy bir az yol çəksin gözlərim hələ,
Gözləyib yorulan deyiləm daha.
Qəlbimdə nə istək, nə mərhəmət var,
Qoy imkansız olsun, bütün imkanlar.
Dönmə, dön desələr belə.
Suallar, şübhələr
Səni parçalayıb, yesələr belə,
Dönmə.
Dönmə indən belə gözləyənin yox!
Mənsə dönməliyəm gözləyənim var.
Niyə açılmır, bu sonuncu səhər?
Gözləyir məni axı,
Nə vaxtdır cəsarət edə bilməyib,
İçə bilmədiyim bir qram zəhər.
YENƏ SƏNSİZ
Yenə gəldin...
Gətirdin xatirələri.,
başımı qatmağa.
Başlayırıq...
yaşanmayan istəkləri
yaşatmağa.
Sən mənə deyə bilmədiklərini dedin.
Mən sənə baxıb
köks ötürdüyümü unutdum.
Sən mənim belimdən,
Mən sənin çiynindən tutdum.
Rəqs edirik,
Qəlbimizin musiqisinə.
Bu,dünyada sözü və səsi olmayan
ən gözəl əsərdir.
Utanıram...
Nəfəsin çox yaxındadır,
Gözlərin çox işıqlıdır.
Utanıram...
Gözlərini qapa bir az,
mən də yumum.
Bir az belə gülümsəyək.
Sevgimizin alovunu geyinmişik əynimizə
Eşqimizin qanadında bir az uçaq.
Indi açaq,
Aç.
Hiç yorum yok:
Yorum Gönder