
İLQAR FƏHMİNİN QƏZƏLLƏRİ
(Reaksiya bildirməli olduqlarım üçün 2 – ci yazı)
Yeni informasiya dövründə, durmadan yeniləşən texnologiyaların işığında ənənəvi şeirimiz hansı yolu izləməli və ələxsus bir qism ədəbiyyat adamının keçmişə, keçmişin qalığı saydığı dəyərlərə adətən düşmən kəsildiyi bu günlərdə “klassik şeirimiz necə kökündən uzaqlaşmadan yoluna davam etməlidir?” - sualına cavab axtaranlara mən uzağa getməyi tövsiyyə etməzdim, çünki həmin dəyərlərin modern dünyada yaşaması üçün çıxış yolu artıq mövcuddur. Klassik şeirimizin, özəlliklə də əruzun tıxanıqlığının yolunu açmaq üçün çalışanlar lütfən çox da uzağa getməsinlər; zənnimcə onlar İlqar Fəhminin qəzəllərinə diqqət yetirsələr kifayətdir! Ilqar müstəqillik sonrası Azərbaycanda qəzəl janrına özünəxas üslub gətirməyə müvəffəq oldu. Artıq oxucunu sözün əsl mənasında bezdirib - usandıran ərəb və fars dilindəki söz və söz birləşmələrindən uzaqlaşıb daha səlis, duru – arı bir dildə, yəni bu gün hər birimizin başa düşdüyü bir dildə yazmağı qarşısına məqsəd qoyan İlqarın unutmadığı bir məqam da qəzəllərində dərhal özünü göstərir: İlqar hər nə qədər yenilik axtarışında olursa olsun, qəzəlinin dilinin hər nə qədər klassik ərəb – fars ibarə və ifadələrindən xilasına çalışırsa çalışsın, o, bir şeyin fərqindədir: Şərqin dəyərləri yalnız Şərqə məxsusdur və bu dəyərlər deyim tərzi yeniləşdikcə əslində daha da dəyər qazanır! Yəni, kök eynidir, hardan baxsan əsrlərin yaddaşından qopub gələn, klassik ədəbiyyatımızın “gül”, “bülbül” qavramlarını bəlkə də hansısa başqa qavramlarla dəyişmək olar, amma həmin qavramların ehtiva etdiyi dərin yükü gəlin görək həmin qavramların yerini alan yeni qavramlar ala biləcəkmi? Zənn etmirəm, açığı! Köhnəlik, ənənəvilik üstündə yenilik İlqarın poeziyasından qızılı xəttlərlə keçən incə bir nüansdır. Qəzələ baxırsan qəzəldə klassikanın ənənəvi qəliblərindən olan qavramlar eynidir, lakin baxış tərzi yenidir, həmin ənənəvilik üzərində İlqar qəzəli bənd – bənd dağıdır, sonra təkrar onları öz əvvəlki yerinə oturdur. Bu dağılmadan sonra meydana gələn nümunələrə baxanda görürsan ki, bəli, bu üslub məhz İlqara məxsusdur! Heç şübhəsiz əruzda yaranan tıxanıqlığı yarıb keçən şair özündən sonra gələn bir qism qəzəlxanlara da yön verdi. Yəni, onlar da qəzəldə bu cür arınmanın, bu cür durulmanın mümkün ola biləcəyinin fərqinə vardılar! Fərqinə vardılar ki, klassikanın üzərində də novatorluq etmək mümkündür. Fərqinə vardılar ki, ərəb fars tərkibli sözlərdən istifadə etmədən, arı – duru Azərbaycan türkcəsində də klassik şeirdə mövcud olan bütün söz sənətlərini işlətmək mümkündür. Fərqinə vardılar ki, sən elə bir söz deyə bilərsən həmin söz oxuyanları riqqətə gətirə bilər. Ona görə yox ki, indiyədək oxucu həmin sözə, ya da həmin ifadə vasitəsinə rast gəlməyib. Sadəcə həmin sözü ya da ifadəni indiyədək gündə ən azı yüz dəfə eşidən oxucu həmin sözün, ya da ifadənin məhz bu formada həlli variantını düşünə bilməyib.
Cismini at, ruhunu azad elə artıq yükdən,
Bir çinar yarpağı üstə göyə yüksəlmək üçün.
Və ya:
Axşam oldu, hamı yatdı, həsrətindən yatmayan
Görməyən heç vaxtı röya bir dənizdir, bir də mən.
- beytlərini qələmə alan İlqar Fəhmi yazdıqlarını dərin bir müşahidə qabiliyyəti ilə çatdırır oxucuılarına. Ədəbiyyata nəzmlə gələn müəllifin ilk şeirlərini oxuyanlar(əlbəttə, söhbər diqqətli oxucudan gedir!) onun içində gizlənən potensial bir nasiri yəqin ki, görmüşdülər. Illər keçəndən sonra İlqar Fəhmi nəsrə keçdi və bir – birindən dəyərli nəsr nümunələri qələmə aldı. Lakin yenə də müəllif yetişdiyi mühitin bir klassik əruz mühiti olduğunu unutmadı, bəhrələndiyi dəyərlərin əslində xalqdan gəldiyini şüuraltına ötürə bildi. Qəzəldə mahir rejissor dəqiqliyi ilə ətrafını müşahidə edən, ətrafımızda baş verənlərə incə, ironik bir yumor qatıb oxucu ilə görüşdürən İlqar Fəhmi bu günə kimi bizə tanış olmayan deyim vasitələrindən istifadə edir, oxucunu istər – istəməz heyrətdə qoyur:
Sevmişəm bir gülü ki, varlığı bir incə qəzəl,
Nazı beyt – beyt eliyir, çəm – xəmi misra – misra.
Əlahəzrət oxucu yəqin bir məqamla razılaşar ki, klassik ədəbiyyatın nümayəndələri, özəlliklə də əruz vəznində yazan şairlərimiz heca vəzninə müraciət edib bu vəzndə şeirlər yazdıqları zaman heca vəznində Ramiz Rövşən qəlibindən çıxmış şairlərə bənzəyirlər. Yəni, 80 – ci illər Azərbaycan şeirində dəbdə olan gəraylı janrında yazılan daha çox ironik qata, sözün başqa çalarlarına toxunma, bir neçə sözü bir yerdə işlədərək bəzən hətta əks mənalara aparıb çıxarma ilə araya - ərsəyə gələn həmin şeir məktəbinin nümayəndələri kimi davranırlar. Amma İlqar Fəhmi bir məqamın daha fərqindədir: həmin şeirlərdən indiyədək Azərbaycan poeziyasında kifayət qədər yazılıb. İlqarın isə kimisə təqlid etmə, kiminsə yolundan getmə kimi bir dərdi, bir fikri yoxdur.
Hər gün döyürəm pəncərəsin sevgili yarın,
Yox ayrı yolum ki, ona dərdim danışam mən.
dilsiz yağışam mən.
Müəllifin “Yağışam mən”, “Nağıl danış mənimçün” rədifli qəzəlləri həm də bir baxıma oxuyanların diqqətini çəkməkdədir. Sovet dövrü Azərbaycan poeziyasında bu mövzularda şeirlər yazılıb. Əhməd Cəmilin “Can nənə bir nağıl de” yaxud nakam şairimiz Mikayıl Müşfiqin “Yağış” şeiri. Sanki İlqar bu qəzəlləri qələmə almaqla bu cür mövzuların klassik şeirimizə, özəlliklə də qəzələ gətirilməsinin mümkünlüyünü oxucuların nəzərinə çatdırmağa çalışır.
Həyat duman kimiydi, itib – batıb dağıldı,
Ölüm də bir nağıldı, nağıl danış mənimçün.
Dua mahiyyətində olan “Qünut” və İlqarın tam başqa bir auradan bizə səsləndiyi “Yenə də” şeirləri... Bu iki şeir məna və məzmun etbari ilə bir – birinə tamamiylə zidd şeirlərdir. “Qünut” şeirində müəllifin son ümid yeri əgər Tanrıya doğru açılan əllərin kölgəsidirsə, “Yenə də” şeirində məsələ bambaşqadır. Belə baxanda hətta İlqar Fəhminin ətrafında da, ədəbi mühitin özündə də bu şeirə münasibət birnənalı deyil. Bu şeirin yazılma dövrü elə bir zaman diliminə təsadüf edir ki, həmin dövrlərdə Azərbaycan ədəbiyyatında, özəlliklə də poeziyasında indi baş alıb gedən çılpaqlıq bəlasının ilkin rüşeymləri atılırdı. Düşüncə baxımından, həyata baxış tərzi baxımından özünü çağdaş adlandıran postmodernist düşüncənin daşıyıcıları əfsuslar olsun ki, Qərb ədəbiyyatından ümumbəşəri duyğuları, gözəl, maraqlı mətnləri gətirmək yerinə gedib erotika furyasını gətirdilər ədəbiyyatımıza. Sözün əsl mənasında vulqarlıq baş alıb gedirdi şeirimizdə. Yenə də yeri gəldi – gəlmədi, dəxli oldu – olmadı “gül”, “bülbül”, “mey”, “badə” kimi qavramlara ilişmək dəb halını almışdı. O qavramlara ilişənlər o qavramların bəlkə də heç mənasını belə bilmirdilər. Və məhz həmin o əsnada İlqar Fəhmi “Yenə də” şeirini yazdı və çağdaşlıq adından, müasirləşmə adından istifadə edib millətə çılpaqlaşma dərsi verənlərə bir mesaj idi bu şeirin özü. Yəni Şərqdə, klassik əruz şeirində geniş istifadə edilməsə belə bu mətləblərə, insanın intim münasibətlərinə toxunma olmuşdur və qoca şərqli əslində istəsə bunu rahatlıqla edə bilər. Kifayət qədər bədii təsvir vasitələri, söz oyunları mövcuddur bunun üçün. Kimlərsə həmin dövrdə başqa imzalara sığınıb fantaziyalarını şeirə gətirirdisə, İlqar heç çəkinmədən bunu öz adı ilə çap etdirdi, belə yazmağın çox da çətin olmadığını hamıya göstərdi. Bu hərəkət düz idi, yoxsa səhv idi, hər halda bunu zamanın öhdəsinə buraxmaq daha düzgün olardı. Çünki, elə bədii nümunələr var ki, onu isti – isti dəyərləndirmək insanı bəzən yanılğılara belə aparıb çıxara bilər.
SONDA
Öz aramızdı,
Əhli – eşqəm mənə, ey dil, nə gərək sərvətü – var,
Könlümün sərvəti atəş, gözümün varı yağış.
- deyən İlqar Fəhmi hara,
Hər məktubumu yüz yol öpərdin, niyə indi
Ağ quşlara dönüb o varaqlar göy üzündə.
- deyən İlqar Fəhmi hara? Aradaki fərqi hiss etmək o qədər də çətin deyil məncə! Bunun üçün qeyri – adi istedad sahibi olmağa da ehtiyac yoxdur. İlqar indi irihəcmli əsərlər, kinossenarilər qələmə alsa da, yuxarıda da qeyd etdiyim kimi nə yaxşı ki, arada imkan tapıb qəzəllərini bir yerə toplayıb. Toplayıb ki, bizlər o qəzəllərin üzü – suyu hörmətinə öz keçmişimizə ötəri də bir səfər edək. Toplayıb ki, bizi biz edən milli – mənəvi dəyərlər sadəcə dildə şüara çevrilib gözdən düşməsin. Unudulmasın. Bir küncdə pas atmasın. Qoca Şərqli onu təhdid edən qüvvələr qarşısında öz əbədi və əzəli silahına sarılsın. O silah nə topdur, nə də tüfəng! O, bizim keçmişimizdir. Biz öz silahımıza sahib çıxmalı və onu gələcək nəsillərə əmanət kimi ötürməliyik!...
Hiç yorum yok:
Yorum Gönder